İordaniyanın paytaxtı Amman şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı davam edir. 2-8 sentyabr 2016-cı il tarixlərində davam edəcək yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə də çıxış edirlər. Bu gün kişilər arasında 77 kq çəki dərəcəsində iki idmançımız körpücük üzərinə çıxıb.
Gənc atletimizi Kənan Əliquliyev birdən qaldırma hərəkətində 120 kq, təkanla qaldırmada isə 150 kq-ın öhdəsindən gəlib. Toplam 270 kq (120+150) nəticə göstərən “Lənkəran-Zirvə” təmsilçisi yarışı 7-ci yerdə başa vurub.
Təcrübəli Əfqan Bayramov isə daha yaxşı çıxış edib. “Bakı-Təhsil İdman Mərkəzi”nin atleti birdən qaldırmada 125 kq, təkanla qaldırma hərəkətində isə 171 kq-ı başı üzərinə qaldıra bilib. Toplam 296 kq (125+171) nəticə ilə millimizin üzvü gümüş medala sahib çıxaraq, fəxri kürsününün ikinci pilləsinə qalxıb.
Əfqanı növbəti medalı münasibətilə təbrik edir, məşqçiləri və əməyi keçən hər kəsə təşəkkür edir, qarşıdakı yarışlarda zirvə üçün mübarizə aparmasını arzulayırıq!