7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında ağır atletika yarışları keçirildi

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” start götürüb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib. Turnirə 7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 150-ə yaxın atlet qatılıb.

Gözlənildiyi kimi, yarışlar çox maraqlı mübarizə şəraitində keçib. İstər iştirakçılar, istərsə də izləyicilər, qonaqlar beynəlmiləl bir idman bayramına şahdilik ediblər. Əminliklə qeyd etmək olar ki, Oyunlardakı ağır atletika yarışları Avropa və dünya birincilikləri, hətta Olimpiya Oyunlarının təşkilatçılığından heç nədə geri qalmayıb. Yarış və qeyri-yarış məkanlarındakı xidmət və qurulan şərait gələcək nəslin nümayəndələrinə idmanın bütün müsbət çalarlarını öz üzərində hiss etmək, böyük təcrübə toplamaq, zəfərlər üçün təəssürat və enerji yığmaq üçün əla imkan oldu. Bütün əcnəbi qonaqlar bu mənada həmfikir oldular. Yarışların fəxri qonağı 3 qat Olimpiya, dəfələrlə dünya və Avropa çempionu, onlarla rekordun sahibi, əfsanəvi ağır atlet, klubun Türkiy nümayəndəliyinin rəhbəri Halil Mutlu da gördüklərindən razı qaldığını, “Zirvə” Beynəlxalq İdman Klublarının həmişəki yüksək təşkilatçılığını dilə gətirdi.

Böyük ənənə halını alan “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Yarışlara gəlincə, öz çəkilərində Nurgül Yüksel, Murad Həsənli, Xəyyam Allahverdiyev, Amin Osmanov, Dəniz Cabbarlı, İsmayıl Xansuvarlı, Ravin Məmmədov, Qasım İsmayılov, Kerem Kurnaz, Aladdin Sayın və Taha Nemati  bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Medal qazananlar arasında Türkiyə, Gürcüstan, İran, Ukrayna və Azərbaycan atletləri oldular. Klub təmsilçiliyi üzrə sıralamada Qazax-Zirvə nümayəndələri 3 qızıl və 1 bürünc medalla liderliyi təmin etdilər. “Ankara-Zirvə”çilər 3 qızıl medalla ikinci, say baxımından hamıdan çox medal qazanan “Lənkəran-Zirvə”çilər 2 qızıl, 2 gümüş və 6 bürünc medalla əyara görə üçüncü pillədə qərarlaşdılar.

“Zirvə” BİK-in prezidenti, sabiq ağır atlet, Atlanta Olimpiya Oyunlarının iştirakçısı, beynəlxalq dərəcəli hakim, iş adamı Tofiq Heydərov da şəxsən yarışları sona qədər izlədi. O, qeyd etdi ki, “Zirvə Oyunları” planetar səviyyəli birincilik və çempionatlarda uğur qazana biləcək uşaqlar üçün gözəl başlanğıc rolunu oynadı. İstər 2022-ci ildə Seneqalda keçiriləcək Yeniyetmələrin, istərsə də sonrakı böyüklər arasında təşkil olunacaq Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək, bayrağımızı yüksəltmək üçün potensialı olan uşaqlar təkan məhz  burada verildi. Klub prezidenti hesab edir ki, bu yarışlar dövlətimizin uğurlu idman siyasətinə bir dəstəkdir və “Zirvə” bu istiqamətdəki çalışmalarını davam etdirmək niyyətindədir.

Builki “Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

SHARE
Şərh yaz