5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”na yekun vurulub. 27 idman növündə 12 ölkədən olan, 300-ə yaxın klubu təmsil edən 4 mindən çox idmançı uşağın qüvvəsini sınadığı yarışlar möhtəşəmliyi ilə yadda qalıb. Kiçik bir Olimpiada kimi təşkil olunan, böyük bir idman bayramına çevrilən bu Oyunlar Azərbaycanda çox sayda ilklərə səbəb oldu, gələcək üçün arxasında nəhəng izlər buraxaraq nümunə rolunu oynadı.
May ayının 28-də Astara AAAF Parkda yaırşların təntənəli bağlanış mərasimi keçirildi. Regionun idman ictimaiyyətinin, həmçinin ən yüksək çinli rəhbər şəxslərinin qonağı olduğu tədbir həmişəki kimi yüksək səviyyəli təşkilatçılıqla müşayiət olundu.
Tədbir qonaqların salamlanması ilə başlandı. Qeyd olundu ki, “bu möhtəşəm idman şənliyi – Zirvə Beynəlxalq Uşaq Oyunlarının sayca 7-cisi olsa da, bu dəfə yarışlar daha təntənəli, daha möhtəşəm oldu. Açılış günündən, yəni Ulu öndər Heydər Əliyevin anım günü olan 10 may tarixindən bu gün, 28 may – Respublika gününə qədər keçən müddət həm də qeyd etdiyimiz hər iki günün mənasına, önəminə və xalqımızın həyatında buraxdığı izə uyğun şəkildə keçdi. Oyunlarda iştirak edən hər kəs, xüsusilə də idmançı uşaqlar yaşadıqları bu anları, qazandıqları təcrübələri hər zaman xatırlayacaq, gələcək idman karyeralarının inkişafında önəmli təməl daşı kimi qiymətləndirəcəklər. Bura toplaşan hər kəs bu və ya başqa şəkildə idmanla, sağlam həyat tərzi ilə yaxından maraqlanan, idmanı həyatlarının bir hissəsi hesab edən kəslər idilər. Ona görə də hər kəs Oyunların uşaq idmanının inkışafı və populyarlaşması üçün necə böyük təkanverici faktor olduğunu anlayırlar”.
Yarışların təşkilatçısı – Zirvə Beynəlxalq İdman Klublarının prezidenti, bu möhtəşəm idman bayramını öz şəxsi imkanları ilə reallaşdıran sahibkar Tofiq Heydərova təşəkkür edildi. Onun əməyi və əzmi xüsusilə önə çıxarıldı.
Sonra Olimpiya Oyunlarının ənənəsinə uyğun olaraq son yarışların qalibləri elə bağlanış mərasimində mükafatlandırıldı. Uşaq basketbolu yarışında qalib olan 6 yaş qrupu üzrə 18 idmançı öz medallarına qovuşdu. Onları klub və şəhər ictimaiyyətinin rəhbər şəxsləri təltif etdilər.
Rəsmi hissə bununla bitdikdən sonra regionun tanınmış musiqiçiləri və mahnı ifaçıları səhnəyə çıxaraq qonaqların zövqünü oxşadı.
Ən sonda Zirvə Beynəlxalq Uşaq Oyunlarının prezidenti Tofiq Heydərov çıxış etdi. O, qeyd etdi ki, bu yarışlar çox böyük əhəmiyyət daşıyrdı və gözləndilyindən də yaxşı təşkilatçılıq səviyyəsi ilə müşayiət olundu. Böyük bir idman bayramı ruhundan keçən Oyunların Azərbaycan idmanının gələcəyinə öz töhfəsini verəcəyini bildirən Heydərov, turnirin böyük ənənə halını almaqda olduğunu, keçirilməsində məqsədin dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsi olduğunu bildirdi.
Bağlanış məraismi klubun rəmsi marşının səsləndirilməsi və atəşfəşanlıqla bitdi.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions