5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda gənc şahmatçılar da qüvvələrini sınayıblar.
“Xəzər Universiteti Şahmat Akademiyası və “Zirvə” Beynəlxalq İdman Klublarının birgə təşkilatçılığı ilə “Zirvə Uşaq-İdman Akademiyası”nın şahmat zalında 60-dan çox uşaq şahmat stolu arxasına keçərək qələbə qazanmağa çalışıblar. Ən kiçik iştirakçısının 4 yaşı olan bu turnir bir çoxları üçün ilk idman sınağı xarakteri daşıyıb. Bunu onların gözlərində həyəcandan sezmək çətin olmayıb. Valideynlərinin dəstəyini hiss edən gənc zəka sahibləri öz blikiləri ilə rəqiblərindən üstün olmağa çalışıblar.
Reqlamentə əsasən yarışlar İsveçrə sistemi ilə keçirilib. 7 turluq mübarizədə uşaqlar 10, 12 və 14 yaşa qədər qız və oğlnalar arasında medalçıları müəyyənləşdiriblər. Müvafiq olaraq Paşam Əliyev, Aysu Məmmədli, Fatih Həsənli, Ayşə Əliyeva, Əli Züqanov və yaxşı Səxavət Qurbanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Mükafatçılara medal, diplom və xatir hədiyyələri təqdim olunub.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
U-10. Oğlanlar
- Paşam Əliyev
- Toğrul Zalışov
- Ömər Lətifli
U-10 qızlar
- Aysu Məmmədli
- Məlikə Rzabəyova
- Nərmin Ağayeva
U-12 oğlanlar
- Fatih Həsənli
- Nihat Şıxəhmədi
- Cavid Vəlizadə
U-12 qızlar
- Ayşə Əliyeva
- Banu Əliyeva
- Nərmin Qocayeva
U-14 oğlanlar
- Əli Züqanov
- İsmayıl Paşazadə
- Fərdi Heydərov
Xüsusi kateqoriya (yaxşı oyununa görə)
- Səxavət Qurbanlı
- Hüseyn Əlicanov
- Gülnur Əsgərli