5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə kartinqçilərə çatıb.
Sürət həvəskarları AAAF Park Astaradakı trassda maraqlı yarış izləmək imkanı əldə etdilər. Döngə və düzlüklərdə mübarizə, ötmələr, şanslardan qələbə üçün maksimum istifadə tamaşaçıların zövqünü oxşadı. Azərbaycanda regionda ilk kartinq yarışı olan Zirvə Oyunlarında yeniyetmə sürücülərin performansı alqışlara səbəb oldu. Bu ilkin özündən sonra arxada çox təəssürat qoyacağı, gələcək çempionlar üçün təkan rolu oynayacağına şübhə yoxdur.
Yarışın özünə gəlincə, əvvəlcə qaydalara uyğun olaraq sıralama dövrələri keçirildi. Burada ən sürətli olan 4 sürücü finalda yarışmaq imkanı əldə etdi. Həlledici mərhələdə medal mübarizəsi də gözlənildiyi kimi gərgin alındı. Son ana qədər həyəcanlı davam edən yarışı Cavad Nemətli qazandı. O, finişə rəqiblərindən tez çataraq qızıl medala sahib çıxdı. Gümüş medal Kənan Həsənov, bürünc isə Yaqub Əliyevə qismət oldu.
Mükafat qazanan idmançılara medal, diplom və xatirə hədiyyələri təqdim olundu.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions