Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin Polşanın Vrotslav şəhərindəki iclasında ağır atletlərin dopinq qəbulu ilə bağlı məlumatlar açıqlanıb. Məlum olub ki, 2013-cü ildə ümumilikdə 1856 dopinq-test götürülüb. Onlardan 847-si, yəni təxminən 45 faizi beynəlxalq yarışlardan kənarda alınıb.
Bu ilin 10 ayında, yəni oktyabrın 1-nə qədər götürülən dopinq-testlərdə 69 ağır atlet “ilişib”. Bu ağırlıqqaldıranların adları açıqlanmasa da, onların 26 ölkədən olduğu qeyd olunub. Hamıdan çox dopinqli idmançısı olan ölkə Qazaxıstan çıxıb – 13 nəfər. İkinci yerdə Ermənistan – 7 nəfərlə – qərarlaşıb. Özbəkistanın isə 6 idmançısı dopinq qəbul etdiyi üçün cəzalanacaq. Azərbaycanlı atletlərdə dopinq tapılmayıb. Ölkələrin tam siyahısı aşağıdakı kimidir:
Qazaxıstan – 13, Ermənistan – 7, Özbəkistan – 6, Ukrayna – 5, Rumıniya və Ukrayna – 4, Bolqarıstan, Tunis, Misir, Çexiya, Peru, Moldova, ABŞ, Venesuela, Rusiya, İran və İraq – 2, Albaniya, Kanada, Kolumbiya, Türkiyə, Macarıstan, Fələstin, Polşa, Nikaraqua və Qırğızıstan – 1.
İK-nın iclasında o da qeyd olunub ki, dopinqli idmançı sayı 3-cü keçən ölkələrə 50 min ABŞ dolları cərimə kəsilib. Bu məbləğ 6 ay müddətində ödənilməyəcəyi halda, həmin ölkə 2 il müddətinə beynəlxalq yarışlara buraxılmayacaq. Bundan sonra hər dopinqli idmançıya şəxsi cəzayla yanaşı, onun təmsil etdiyi federasiyaya da ayrıca 50 min dollar cərimə kəsiləcək.