8-ci Zirvə Oyunları çimərlik futbolu yarışı ilə bərpa olundu

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunları qaldığı yerdən davam etdirilir. Uzun fasilədən sonra çimərlik futbolu yarışları ilə uşaqların idman bayramı öz geri dönüşünə doğru ilk addımını atıb.

Bildiyiniz kimi, dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən builki Oyunlar öz doğru vaxtında başlamadı, aylarla ertələnməli oldu. Buna baxmayaraq, klub olaraq hətta karantin dövründə uşaqlar arasında ilkin mərhələdə basketbol (səbətə top atma) uşaq atletikasından uzununa tullanma yarışları keçirmiş, top atma yarışında simvolik olaraq hər iştirakçı məhz 19 top atmış və bu bizim klub olaraq COVİD-19 pandemiyasına simvolik etiraz və zərbəmiz olmuşdu.

Sentyabrın 5-də isə çimərlik futbolu yarışları ilə bütün ölkədə böyük rəğbət qazanan 8-ci Zirvə Oyunları öz tam bərpasına start verdi. Astara AAAF Parkın çimərlik futbolu meydançasında ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına tam uyğunlaşdırılaraq təşkil edilən bu yarış zamanı şəxsi gigiyena, sosial məsafə və tibbi qoruyucu vasitələrdən istifadə qaydalarına, həmçinin digər müvafiq tələblərə riayət olunub, iştirakçıların sağlamlığı ön plana çıxarılıb.

Çimərlik futbolu üzrə Zirvə Oyunları yarışı ən yüksək səviyyəli təşkilatçılıqla yadda qaldı. Yüzə yaxın iştirakçı 8 komandaya bölünərək mübarizəyə 1/4 final mərhələsindən start verdilər. Bütünlüklə cənub regionu təmsilçilərindən təşkil olunan komandalar Neftçala, Salyan, Masallı, Lənkəran, Cəlilabad və Astaradan qatılaraq qüvvələrini sınaya bildilər. Hər bir matç özünəməxsus şəkildə maraqlı, gərgin oyunla müşayiət olundu, yeniyetmə futbolçular sona qədər qələbə əzmi, məharət və bacarıq nümayiş etdirdi. Təcrübəli məşqçi-mütəxəssislər, güclü hakim heyəti də bu yarışa öz rəngini qatdı. Komandaların hər bir üzvünə, həmçinin məşqçilər və hakimlərə yeni geyim dəsti təqdim edildi, qidalanma və istirahətləri tam təmin edildi.

Nəticələrə gəlincə, yarışların həlledici – final oyununda çox güclü “Masallı” və Lənkəranın “Zirvə” komandaları üz-üzə gəldilər. Əvvəlcə Masallının eyniadlı komandası üstünlüyü ələ alaraq hesabda irəli çıxdı, sonra isə lənkəranlılar fərqi azaltmaöa nail oldular. Qüvvələr nisbətən bərabər olduğundan qarşılaşma 4:4 hesablı bərabərliklə bitdi və qalibin müəyyən edilməsi üçün oyunsonrası penaltilərə ehtiyac duyuldu. Bu cərimə zərbələrini daha dəqiq yerinə yetirən “Zirvə” komandası qızıl medallara sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Növbəti həftələrdə kartinq, çimərlik voleybolu, 3×3 basketbol və atletika yarışlarının keçirilməsi nəzərdə tutulub. Yarışların Astara AAAF Park, həmçinin yeni inşa olunan “Qamışoba Zirvə Beynəlxalq-Təlim-Məşq Bazası”nın ərazisində yerləşən idman qurğularında təşkili planlaşdırılıb. Seçim edilərkən yarışların açıq havada keçirilə, həmçinin karantin qaydalarına tam riayət edilə bilmə ehtimalı diqqətə alınıb. Qeyd olunub ki, qalib və medalçılara hədiyyələr və mükafatları xüsusi rejiminin qaydalarına uyğun şəkildə təqdim ediləcəkdir.

8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində keçirilməsi 30-dan çox ölkədən 10 mindən çox idmançının iştirakı ilə təşkil olunması nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Ancaq məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. Zirvə Beynəlxalq İdman Klublarının rəhbərliyinin alternativ imkanlarla yarışları keçirmək qərarı isə bütün çətinliklərə rəğmən ölkədə həyata keçirilən idman siyasətinə dəstək vermək, gələcək nəslin sağlam yetişməsində iştirak etmək, ümummilli lider Heydər Əliyev irsini qorumaq və davam etdirməkdir.

Ötən ilin 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.

 

1/4 final

“Xəzər-92” (Lənkəran) – “Masallı” (Masallı) 2:5

“Astara-1” (Astara) – “Neftçala” (Neftçala) 4:0

“Zirvə” (Lənkəran) – “Salyan” (Salyan) 4:1

“Cəlilabad” (Cəlilabad) – “Astara-2” (Astara) 3:0

 

Yarımfinal

“Masallı” – “Astara-1” 4:3

“Zirvə” – “Cəlilabad” 2:1

 

3-cü yer uğrunda oyun

“Astara-1” – “Cəlilabad” 1:1, pen. – 2:1

 

Final

“Masallı” – “Zirvə” 3:3, pen. – 4:5

 

ŞƏKİLLƏR

 

SHARE
Şərh yaz