“Zirvə” Beynəlxalq İdman Klublarının AAAF Park Astarada yerləşən təlim-məşq bazasındakı konfrans zalında 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının Təşkilat Komitəsinin ilk iclası keçirilib. Bir sıra məsələlər, əsasən də yarışların keçirilmə vaxtı və qaydaları, məkan və infrastruktur məsələləri müzakirə edilib. Klubumuzun prezidenti Tofiq Heydərov pandemiya səbəbindən hazırda tam formatda təşkili mümkün olmayan Oyunların il ərzində başa çatdırılmasının, bununla da daha uzunmmüddətli və daha maraqlı yarışların keçirilmə perspektivləri haqqında danışıb.
İclas zamanı qeyd olunub ki, Azərbaycanda dövlət tərəfindən uğurla həyata keçirilən idman siyasətinə dəstək klubumuzun əsas məqsədlərindəndir. “Zirvə” BİK həmişə yeniyetmə idmanının yüksəlməsi üçün çalışmalar edib və bu istiqamət bundan sonra da davam etdiriləcəkdir. Oyunların təşkili də buna bir sübutdur. Ötən il keçirilən 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunları böyük rezonans doğurmuş, ölkəmizdə uşaqların idmana cəlbi baxımından böyük əhəmiyyət daşımışdı. Bu il də klub olaraq biz daha genişmiqyaslı yarışlar keçirərək öz töhfəmizi vermək niyyətindəyik.
Oyunlar Astarada keçiriləcəyindən yerli İcra Hakimiyyəti ilə sıx əməkdaşlığın vacibliyi vurğulanıb. İclasda iştirak edən RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev də bunun əhəmiyyətindən danışıb. O, qeyd edib ki, “Zirvə” regionda idmanın inkişafı üçün həmişə böyük çalışmalar edir və İcra Hakimiyyətinin bütün strukturları bu işdə onlara həmişə olduğu kimi dəstəyini verməyə hazırdır. Malıyev bir daha başçı Qəzənfər Ağayevin tam dəstəyini ifadə edib, 8-ci “Zirvə” Oyunlarının təşkili üçün lazımi addımların atılacağını bildirib.
Sonda Oyunların təşkili ilə bağlı məsələlər müzakirə edilib, müxtəlif fikir və təkliflər səsləndirilib. Qərara alınıb ki, Yarışların Təşkilat Komitəsi mütəmadi görüşlər keçirsin və hazırlıqların gedişatını müzakirə etsin.