Bu gün – avqustun 29-da Astara Olimpiya İdman Kompleksində “Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletika üzrə “9-cu Zirvə Kuboku” start götürür. İki gün davam edəcək bu turnirdə Azərbaycan da daxil olmaqla 12 ölkədən 100-ə yaxın idmançı iştirak edəcək.
İki ildir beynəlxalq arenada fəaliyyətə start verən “Zirvə”, Azərbaycanın ən güclüləri sırasında yerini möhkəmlətməkdədir. Xüsusilə ağır atletikada gənc nəslin yetişməsinə, ümumilikdə bu növün inkişafına verdiyimiz dəstək öz bəhrəsini verməkdədir. Qısa müddət ərzində yeniyetmə, gənc və böyüklər arasında dünya və Avropa çempionatlarının qalib və mükafatçılarının bizim klubdan çıxması deyilənlərə sübutdur. Beynəlxalq filiallarımızın yaradılması isə yerli idmançılarımız üçün böyük rəqabət imkanı vermək, onların daha böyük yarış təcrübəsi qazanması məqsədi güdür.
Bu gün start götürən turnir əhatəsinə görə əminliklə Dünya Kuboku adlandırıla bilər. ABŞ, Polşa, Bolqarıstan, Türkiyə, Ukrayna, Belarus, Moldova, Rusiya, İsrail, Gürcüstan, İran və Azərbaycanın yüzə yaxına tletinin qatılacağı yarışın böyük idman bayramına çevriləcəyinə şübhə yoxdur. Kişilər və qadınlar eyni yaş qruplarında Sinkleyr cədvəli üzrə qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Onlara xüsusi sifariş verilmiş medallar, diplom və sertifikatlar, pul mükafataları və müxtəlif digər hədiyyələr veriləcəkdir.
Əlavə edək ki, yarışa yaxşı hazırlıq üçün yerli və xarici idmançılar üçün 10 günlük təlim-məşq toplanışı da təşkil olunmuşdu. Xırdalandakı AAAF Park Yaşayış Kompleksində ən yüksək şəraitlə təmin olunan atletlər məşq və istirahət imkanlarından maksimum yararlana bildilər. Bir neçə gün ərzində AAAF Park millətlərin birliyi, xalqların dostluğunun birləşdiyi, öz zirvəsinə çatdığı bir məkana çevrildi.
İndi isə yarış vaxtıdır. Ağır atletika sevənlərin məmnuniyyətlə izləyəcəyi “9-cu Zirvə Kuboku” daha bir tarixi turnirə çevriləcək. Hamınızı bu çempionatı izləıməyə, bizim idman bayramımıza qatılmağa dəvət edirik.