Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyi davam edir. Bu gün millimizin daha bir üzvü körpücük üzərinə çıxıb. Mansur Ağaverdiyev 62 kq çəki dərəcəsinin C qrupunda mübarizə aparıb.
Birdən qaldırma hərəkətində idmançımız əvvəlcə 97 kq, sonra isə 101 kq-ı qaldıra bildi. 103 kq-ı isə ram edə bilməyən Ağaverdiyev bu hərəkətdə 2-ci yeri tutdu.
Təkanla qaldırmada 116 kq çəkini yalnız ikinci cəhddən qaldıran Ağaverdiyev, üçüncü yanaşmasında 121 kq-ı da ram edə bilməyib. Mansur bu hərəkətdə 11-ci olub.
Toplamda 217 kq (101 kq + 116 kq) nəticə göstərən Ağaverdiyev öz qrupunda 7-ci olub. Onun yekun sıralamadakı yeri “B” və “A” qrupundakı yarışlar bitəndən sonra məlum olacaq.