Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatında maraqlı bir məqam yaşanıb. Bu turnirdə 56 kq çəki dərəcəsində çıxış edən idmançımız Elmar Alıyev ölkəmizin hazırkı çətin günlərində yaşananlara öz münasibətini nümayiş etdirib. Azərbaycan milli komandasının üzvü Elmar təkanla qaldırma hərəkətində 136 kq çəkini uğurla ram edəndən sonra hərbi salam verib. Alıyev bu yolla cəbhə xəttindəki döyüşlərdə həlak olan şəhidlərimizin ruhunu yad edib, onlara hörmət və sayğısını göstərib.
Mərkəzi Ordu İdman Klubunun atletinin bu addımını alqışlayır, torpaqlarımızın işğaldan azad edilməsi arzusu ilə ona təşəkkür edirik!
Allah şəhidlərimizə rəhmət eləsin!