24-26 dekabr tarixlərində Abşeron Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yeniyetmələr, gənclər və böyüklər rarassında ölkə birincilikləri və çempionatı keçirilib. Yarışda Azərbaycanın bütün regionlarından yüzlərlə idmançı medalla uğrunda mübarizəyə qoşulub. Onların arasında “Zirvə” taekvondoçuları da olub. “Ağsu-Zirvə”nin baş məşqçisi Cavanşir Mirzəyevin rəhbərliyi altında təmsilçilərimiz gözəl və uğurlu çıxışla yadda qalıblar.
Belə ki, yeniyetmələrin yarışında qızlarda 37 kq çəki dərəcəsində Əsli İsayeva, oğlanlarda isə 61 kq-da Hüseyn Atabalayev və +65 kq-da Xəlil Nəbizadə bürünc medal qazanıblar.
Daha bir idmançımız isə çempionluq sevinci yaşayıb. Qızların 29 kq çəki dərəcəsindəki mübarizəsində Fatimə İsmayılzadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançılarımız və bu qələbələrdə əməyi olan hər kəsi təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!