ASTARA OPEN 2020 basketbol turniri keçirilib

Sentyabr ayının 19-da Azərbaycan Basketbol Federasiyası və Zirvə Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə Astara rayonunun Qamışoba kəndində inşa edilən yeni Zirvə Beynəlxalq Təlim-Məşq Bazasında 3×3 basketbol üzrə Astara Open 2020 turniri keçirilib. Yarışda Azərbaycanın ən güclü və təcrübəli basketbolçularının yer aldığı komandalar çempionluq mübarizəsi aparıblar.
Yeni bazada bir neçə idman növü üzrə təlim-məşq toplanışlarının təşkili və yarışların keçirilməsi üçün bütün imkanlar yaradılıb. Onların arasında basketbol, stolüstü tennis, çimərlik voleybolu və futbolu, şahmat, ağır atletika və digərlərini qeyd etmək olar. Toplanışlar zamanı komandaların ixtiyarına məşq meydançası və zalları, istirahət və bərpa üçün Olimpiya çempionu və mükafatçılarının şərəfinə adlandırılmış və xüsusi hazırlanmış koteclər, 50 nəfərlik mehmanxana, çay evi, kafe, 100 nəfərlik açıq havada və qapalı restoranlar veriləcək. Xəzər dənizinin sahilindəki füsunkar mənzərədə salınan bu baza Azərbaycan və dünya idmanının inkişafına öz töhfəsini verəcəkdir. Moldovadakı İvança qəsəbəsi, Türkiyədə Ankara şəhərində yerləşən “Altınpark-Akarsu”, Azərbaycanda Xırdalan və Astara şəhərlərindəki AAAF Park Yaşayış, İstirahət və İdman Kompleksindən sonra sayca 5-ci olan yeni beynəlxalq təlim-məşq bazasında ilk yarış məhz “Astara Open 2020” basketbol turniri olub.
Yarışın özünə gəlincə, turnirdə 10 komanda iştirak edib. Onlar hərəsində 5 komanda olmaqla A və B qruplarına bölünərək dairəvi sistemlə oyunlara çıxıblar. A qrupunda AZFA, “Bakı”, “South”, “Poluxinski Pereulok” və “100 plus”, B qrupunda isə “Gəncə Fires”, “Bestore Team”, “Səksənlər”, “Uizards” və “Alov” komandaları yer alıblar. Öz qruplarında ilk iki yeri tutanlar yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Burada “AZFA” “Bestore Team”-i 7:6, “Gəncə Fires” isə “Bakı”nı 7:4 hesabı ilə yenərək finala yüksəliblər.
Həlledici qarşılaşmada 19:18 hesabı ilə qalib gələn gəncəlilər “Astara Open 2020” kubokunun qalibi olublar.
Təbrik edirik!

 

SHARE
Şərh yaz