Avropa çempionatı Albaniyada keçirilməyə bilər!

albania aaf

Albaniya Ağır Atletika Federasiyası ciddi problemlərlə üzləşib. Bu ölkədə 8-14 aprel tarixləri arasında keçirilməsi nəzərdə tutulan Avropa çempionatı maliyyə çatışmazlığı üzündən başqa ölkəyə verilə bilər. İş ondadır ki, albanların çempionat üçün pulları yoxdur.

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) 2012-ci ildə 3 alban idmançının – İlirian Suli, Erkand Gerimay və Hisen Pulakunun dopinq qəbul etməsinə görə, Albaniya Ağır Atletika Federasiyasını 50 min dollar cərimə edib. Tərəflər arasında danışıqlar aparılsa da, IWF geri çəkilməyib və ödənişin edilməsini tələb edib. Vəziyyət o qədər gərgindir ki, Albaniya yığma komandası yanvarın 14-də plan üzrə təlim-məşq toplanışına yığışa bilməyib. Çünki buna sadəcə pul yoxdur. 24-26 yanvar tarixləri arsında İtaliyanın Brindizi şəhərində keçiriləcək 7-ci “Aralıq dənizi ölkələri Kuboku”na isə yalnız qadın idmançı Romela Beqay qatılacaq. Hətta bu bir idmançının da yol pulunu düzəldə bilməyən federasiya, İtaliya Ağır Atletika Federasiyasına müraciət edib. İtalyanlar Beqayın qalma xərclərini ödəməyə razılaşıblar. Albanlar isə güc-bəla ilə onun yol xərcini ödəməyə hazırlaşırlar.

Artıq Avropa Ağır Atletika Federasiyası bu durumdan narahat olub və ən yaxın zamanda ciddi tədbir görmək fikrindədir. Belə ki, apreldə Albaniyanın Tirana şəhərində keçirilməli olan Avropa çempionatının başqa ölkədə keçirilməsi qərarı verilə bilər. Ən real namizədlər Polşa və İtaliyadır.

SHARE
Şərh yaz