Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasında X Avropa birinciliyi bu gün başa çatıb. Yarışdakı son təmsilçimiz – Azər Məmmədli +94 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
Birdən qaldırma hərəkətinə 145 kq-la başlayıb, onu uğurla qaldıran idmançımız, sonra sifariş verdiyi 151 kq-ı iki cəhddə ram edə bilməyib. Nəticədə o bu hərəkəti 4-cü pillədə başa vurub.
Təkanla qaldırma hərəkəti isə tam uğursuzluqla nəticələnib. Azər əvvəlcə 187 kq-lıq ştanqı qaldıra bilməyib. Daha sonra 188 kq sifariş verərək nəticəsini yaxşılaşdırmaq istəsə də, son iki cəhd də uğursuz alınıb. Məmmədli bu səbəbdən Avropa çempionatında yer tuta bilməyib.
Buna baxmayaraq, Azərbaycan yığmasının Avropa çempionatındakı çıxışını qənaətbəxş hesab etmək olar. “Zirvə” İdman Klubunun iki yetirməsi – Valeh Baxşəlizadə (qızıl) və Elxan Əliquluzadə (bürünc) medal qazanaraq bayrağımızın yüksəlməsini təmin edib.