
Mayın 21-28-də Naxçıvandakı Olimpiya İdman Kompleksində keçiriləcək Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib. 21 ölkədən 200-yə yaxın atletin medallar uğrunda mübarizə aparacağı turnirin ikinci günündə baş tutan tədbirdə ilk olaraq qeyd olundu ki, Ustalar arasında yarışların təşkil olunmasında məqsəd Olimpiya xartiyasının “İdman hamı üçün” fəlsəfəsinə əsaslanmaq, idmançılar arasında yaşından, irqindən və dinindən asılı olmayaraqbütün həyatları boyu qarşılıqlı anlaşma və idman rəqabəti şəraitində fəaliyyət göstərməsinə şərait yaratmaqdır. Belə xarajterli yarışlarda veteran idmançılar öz mədəni və sosial təcrübələrini bölüşmək imkanı əldə edərək, gənc nəslə bir örnək olurlar.
Çıxış üçün ilk söz Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılova verildi. O, idmançıları vətdbir iştirakçılarını salamladı: “Hamınızı Azərbaycanın ən gözəl güşələrindən olan Naxçıvanda salamlamaqdan şadam. Artıq ikinci dəfədir ki, Veteranlar arasında beynəlxalq turnir məhz burada keçirilir. İki il əvvəl Dünya Kuboku, indi isə Avropa çempionatına evsahibliyi edirik. Mən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbova xüsusi təşəkkür etmək istəyirəm. Məhz onun diqqəti nəticəsində burada bu cür yüksək səviyyəli beynəlxalq yarışlar təşkil olunur, idman inkişaf etdirilir. Buna görə ona çox sağ ol deyir, minnətdarlığımı bildirirəm.
Bilirsiniz ki, Azərbaycanda idmanın inkişafı, möhkəmlənməsi, beynəlxalq arenada nüfuz qazanması ümummilli lider, ulu öndər, mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təməlini qoyduğu siyasət ölkəmizi dünyaya tanıtmaq, eyni zamanda, yeni, güclü nəslin yetişməsində əvəzsiz rol oynamışdır. Azərbaycanda hər il 50-dən artıq dünya və Avropa səviyyəli beynəlxalq yarışlar keçirilir ki, bunların bir hissəsinin ölkənin ən ucqar nöqtələrində baş tutması sevindiricidir. Bu, regionlarda inkişaf, idmanın kütləviliyinin artması, idmançılar arasında rəqabətin yaradılması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev də ümummilli liderimizin siyasətini davam etdirir, idmana olan diqqət və qayğısını ən yüksək səviyyədə saxlayır. Məhz bu dəstəyin nəticəsində uzun illərdir ölkəmiz beynəlxalq arenalarda tanınır, nüfuzunu artırır. Elə yalnız 2015-ci ildə Azərbaycan idmançıları müxtəlif turnirlərdə 823 medal qazanıblar. Bu, ölkəmizin bayrağının 823 dəfə dalğalanması deməkdir. Bu, çox böyük təbliğat, inkişaf, qürur mənbəyidir.
Naxçıvanda keçirilən bu ağır atletika yarışında iştirak edən idmançılar öz təcrübələrini gənc nəsillə bölüşə biləcək, iradə və əzmkarlıqlarını nümayiş etdirə biləcəklər. Eyni zamanda, medallar uğrunda mübarizə aparacaqlar ki, bunu da izləmək çox xoş olacaq. Mən isə yalnız bir şey arzu edə bilərəm: “Qoy, güclü qalib gəlsin!”.
Sonra çıxış növbəsi Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Naziri Azad Cabbarova çatdı: “Əziz idmançılar! Dövlət müstəqilliyinin bərpasından ötən dövr ərzində ölkəmiz və xalqımız bir-birindən ağır tarixi sınaqlardan keçmişdir. Bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı bütün sahələrdə inkişaf tempinin əsasını qoymuşdur. Ölkəmizdə inkişaf etdirilən sahələrdən biri də idman sahəsidir. Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında (MR) idmanın inkişafı, gənc idmançılar nəslinin yetişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün də Naxçıvan beynəlxalq idman yarışlarına evsahibliyi edir. Bütün bunlar da idmançıların təcrübə qazanması və peşəkar idmançı kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, yaradılan şərait gənclərin asudə vaxtının səmərəli təşkilinə və onların idman federasiyalarına cəlbinə səbəb olmuşdur. Bu gün gənc idmançılara qayğı göstərilir, onların adı Naxçıvan MR Gənc İstedadlarının “Qızıl kitab”ına salınır. MR-da idmanın maddi-texniki və təşkilati-hüquqi bazası xeyli möhkəmləndirilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, hazırda MR-da 39 min nəfərə yaxın yeniyetmə və gənc idman və bədən tərbiyəsi ilə məşğul olur. MR idmançıları təkcə 2015-ci il ərzində Azərbaycan birinciliklərində 30, dünya birinciliklərində 8, digər beynəlxalq yarışlarda 12 medal qazanıblar.
Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün NMR gənc idmançılar nəsli yetişmiş, idman ustaları formalaşmışdır.Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur, uğurlara imza atırlar. Müasir idman infrastrukturunun formalaşdırılması MR-da çoxsaylı beynəlxalq keçirilməsinə də şərait yaratmışdır. Hazırda MR-da 2 Olimpiya-İdman Kompleksi, iki üzgüçülük və bir şahmat mərkəzi, 6 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 uşaq-gənclər idman məkətbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, 12 idman federasiyası fəaliyyət göstərir. Bütün bunlar yaradılan müasir idman infrastrukturu nəticəsində mümkün olmuşdur. Bütün idman növləri kimi ağır atletika növü üzrə də MR-da bir sıra nailiyyətlər əldə edilmişdir. Belə ki, Naxçıvan MR Gənclər və İdman Nazirliyi nəzdində ağır atletika bölməsinin yetirməsi 2015-ci ildə Azərbaycan çempionatının qalibi olmuş, 2016-cı ildə İsveçdə yeniyetmələrin Avropa çempionatında iştirak etmiş, Konyada keçirilən Beynəlxalq turnirdə 2-ci yerə layiq görülmüşdür.
Onu da qeyd etmək istəyirəm ki, 2014-cü ilin iyul ayında İlham Əliyev adına Olimpiya-İdman Kompleksində veteran ağır atletlər arasında Dünya Kuboku keçirilmişdir. Bu yarışda 200-dən artıq usta atlet öz təcrübəsini gənclərlə bölüşmüş, idman vərdişlərinin hələ də itmədiyini sübut etmişlər. Eyni zamanda, müxtəlif ölkədən gəlmiş idmançılar doğma Naxçıvanımızla tanış olmaq şəhərimizi gəzmək imkanı qazanıblar. Bu kimi yarışların keçirilməsi MR-da gənclərin idmana olan marağının artmasına, idmana cəlbin kütləvi hal almasına və ən əsası uğurlu nəticələr əldə edilməsinə gətirib çıxarıb. Bu kimi idman yarışları MR-da turizm imkanlarının tətbiqi baxımından da əhəmiyyətlidir. Əziz idmançılar. Sizlərə keçiriləcək idman yarışlarında uğurlar, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram”.
Avropa Veteran Ağır Atletlər Komitəsinin prezidenti Bill Barton da çıxış edərək fikirlərini bildirib: “Artıq üçüncü dəfədir ki, Naxçıvana gəlirəm. Hələ iki il əvvəl burada biz Dünya Kubokunun təşkili zamanı gəlmişdik. Sonra Bakıda keçirilən Avropa Oyunları vaxtında yenidən bura gəlmək şansı əldə etdim. İndi isə yenə Naxçıvandayam. Bu məkandan, bu şəhərdən, bu regiondan çox razıyıq, heyran qalmışıq. Böyük qonaqpərvərlik, gülərüzlülük, səmimi münasibət bizi çox razı salır. Azərbaycan Veteran Ağır Atletlər İctimai Birliyinin sədri Natiq Ağayevə bizə göstərdikləri diqqətə görə ayrıca təşəkkür edirəm. Əminəm ki, mənim kimi yarışların bütün iştirakçılar – idmançılar, məşqçilər, digər qonaqlar Naxçıvandan, turnirdən zpvq alacaq, uğur qazanacaq, medallar əldə edəcəklər. Lap medal almasalar belə, zədəsiz evlərinə dönəcək, xoş xatirələrini bölüşəcəklər. Hamıya bir daha təşəkkür edir, Avropa çempionatını açıq elan edirəm”.
Bundan sonra açılış məraisminin bədii hissəsinə keçildi. Sonda Azərbaycan Respublikasının Dövlət Himni çalındı.
Əlavə edək ki, bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilmişdi. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions