Son 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı ilk Avropa Oyunlarına layiqincə ev sahibliyi etdi. Yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə idmançını, nümayəndə heyətlərinin üzvlərini, bu Oyunları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi.
İyunun 28-də möhtəşəm idman bayramı təntənəli bağlanış mərasimi ilə sona çatdı. Bütün dünyanın izlədiyi bu gözəl görüntülərdə ənənəvi və müasir Azərbaycan mədəniyyətinin vəhdəti nümayiş etdirildi.
Ölkəmizin tarixində xüsusi yer tutacaq bu Oyunlarda “Zirvə” Beynəlxalq İdman Klubunun datöhfəsi vardı. İki qadın idmançımız yarışlarda tatami üzərinə çıxaraq Azərbaycanın şərəfini qorudular. Oyunların son günündə cüdoçumuz Günel Həsənli mübarizəyə qoşuldu. Təəssüf ki, 19 yaşlı idmançımız ilk görüşdə italiyalı güclü rəqibi Assunta Qaleoneyə məğlub oldu.
Olimpiya Oyunlarında “əsas qələbə yox, iştirakdır” şüarından çıxış edərək ümid edək ki, belə böyük turnirdə çıxış Günel üçün böyük təcrübə olacaq, növbəti yarışlarda ona kömək edəcəkdir.