Azər Əliyev: “Ağır atletikaya dəstəyimzi davam etdirəcəyik”

azeer aliyevŞimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir. Yarışa 1999-2000 və 2001-03-cü illər təvəllüdlü oğlan və qızlar qatılırlar. Qızlar 44, 48, 53, 58, 63, 69 və +69 kq, oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində medal mübarizəsi aparırlar. Ümumilikdə yarışda 150-dən çox idmançının iştirakı gözlənilir.
Birinciliyin ilk günündən yeniyetmə idmançılar bacarıqlarını nümayiş etdiriblər. Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev yarış barədə fikirlərini bölüşüb: “Yeniyetmə ağır atletlər arasında Azərbaycan birinciliyini ilk dəfədir izləyirəm və gördüklərimdən çox məmnunam. Ən yüksək səviyyəyə, standartlara uyğun yarışdır. Ümid edirəm ki, burada çıxış edən idmançıların hamısı beynəlxalq turnirlərdə, hətta Olimpiya Oyunlarında iştirak edəcəklər. Odur ki, bu idman növündə böyük potensialımızın olduğunu görürəm”.
Vitse-prezident federasiyanın yeniyetmə ağır atletikanın inkişafı yönündə planları haqda da məlumat verib: “Bütün ölkə ərazisində yeniyetmə idmançıların məşq etdiyi çox sayda klublarımız var. Azərbaycan ağır atletikanın çox vacib bir idman növü hesab edildiyi ölkədir. Ona görə də biz dəstəyimizi davam etdirəcəyik. İnanıram ki, hər keçən gün bu klublara, zallarımıza daha çox yeniyetmə gələcək və Olimpiya Oyunlarına vəsiqə əldə edərək ölkəmiz üçün medallar qazanacaqlar”.

SHARE
Şərh yaz