“Azərbaycan” qəzeti növbəti dəfə “Zirvə” Beynəlxalq İdman Klubu haqda yazı yazıb. Məqalədə klubumuzun 2017-ci ildəki fəaliyyəti barədə geniş söhbət açılıb, uğurlarımız təqdir edilib. Həmin yazını sizə təqdim edirik:
“Zirvə” Beynəlxalq İdman Klubu 2017-ci ili qələbələrlə başa vurdu
Dekabrın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən ilin idman yekunlarına həsr olunmuş tədbirdə idman sahəsində müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olundu. Mükafatçılar arasında “Zirvə” Beynəlxalq İdman Klubu da var idi. Azərbaycanı bütün dünyada uğurla tanıdan və təbliğ edən klub “İlin ən yaxşı idman təşkilatı” adına layiq görüldü.
Azərbaycan ağır atletikasının inkişafına yüksək töhfələr verən “Zirvə” İdman Klubunun bu ada layiq görülməsi təsadüfi deyildi. Çünki onun təmsilçiləri olan ağır atletlər il ərzində bütün beynəlxalq yarışlardan vətənə medalla dönməyi bacarıb, əldə edilən qələbələrdə böyük rol oynayıblar.
“Zirvə”çilərin ölkə daxilində iştirak etdikləri ilk yarış ötən il fevralın 17-19-da “Şimal” DRES qəsəbəsində Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi idi. Birincilikdə medalçıların əksəriyyəti “Zirvə”nin atletləri oldu. Onlardan 15 yaşlılardan Elşən Məmmədov (50 kq), Nurlan Rəsulov (62 kq), Sərxan Məmmədov (69 kq), 17 yaşlılardan Sale Alxasov (50 kq), İsmayıl Məmmədov (56 kq), Elsevər Mirzəyev (62 kq), İsmayıl Baxışov (69 kq), Əlimərdan Alxasov (77 kq) Azərbaycan çempionu oldular. Qızların yarışında isə bütün medalçılar “Zirvə”çilər oldular.
Ötən ilin 2-3 mart tarixlərində isə Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçirilib. Bu yarış daha çox “Zirvə”çilərin performansı ilə yadda qaldı. Qızların yarışında Elnarə Abbasova, Səbinə Əzimova, Firuzə İbrahimova, Gülçin Əlizadə, Sona Məmmədova, kişilərin yarışında 56 kq-da Ruslan Rzazadə, 69 kq-da İsa Rüstəmov, 85 kq-da Ceyhun Tağızadə, 105 kq-da Əziz Nurməmmədov, +105 kq-da Azər Məmmədli qızıl medal qazandılar. Digər çəki dərəcələrində də “Zirvə”çilər qızıl və bürünc medallara layiq görüldülər.
Mart ayında İranın Əhvaz şəhərində ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku yarışı keçirilib. Bu yarışda “Zirvə”çi Ruslan Rzazadə (56 kq) bürünc medal qazandı. Tailandın Banqkok şəhərində aprelin 3-10 tarixlərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi isə “Zirvə” İdman Klubunun Azərbaycan ağır atletikasının lokomotivi olduğunu təsdiq etdi. Bu yarışda Azərbaycan yığmasına ən çox xal qazandıran 6 atletin ümumi xalı 90 oldu. Belə ki, bu atletlər arasında “Zirvəçi”lərin də böyük xidməti var idi. Bu xallarla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutdu. Beləliklə, Azərbaycan ağır atletika yığması tarixində ilk dəfə dünya birinciliyində topladığı xal hesabına Yeniyetmələrin Olimpiya Oyunlarına bir lisenziya qazandı.
Ötən il aprelin sonlarında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində fərqlənənlər də “Zirvə”çilər oldu. Qızların yarışında bütün iştirakçılar “Zirvə”nin təmsilçiləri idi.
May ayında isə diqqətlər Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yönəlmişdi. İdmançılarımızın arasında “Zirvə” İdman Klubu təmsilçilərinin qələbəsinə inam böyük idi. Elə ilk medalı da “Zirvə”çi Səbinə Əzimova ölkəmizə qazandırdı. 53 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Səbinə Əzimova 176 kq (75+101) nəticə ilə bürünc medalı əldə etdi. Qızların mübarizəsində 63 kq, kişilərin yarışında isə 94 kq çəki dərəcəsində bürünc medallar qazanan Elnarə Abbasova və Rövşən Fətullayev də “Zirvə” idman klubunun təmsilçisi kimi bayrağımızı ucaltdılar.
Azərbaycan ağırlıqqaldıranları beynəlxalq səviyyəli nailiyyətlərinin sırasını oktyabr ayında növbəti möhtəşəm uğurla daha da zənginləşdirdilər. Belə ki, Kosovoda keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində Azərbaycan milli yığması 11 medal qazanaraq Avropanın ən güclü komandası adına layiq görüldü.
İlin son günlərində – dekabrın 27-də isə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş Ağır atletika üzrə respublika turniri keçirildi. Bu yarışda da həm qadınların, həm də kişilərin mübarizəsində favoritlər “Zirvə”çilər idi.
Təbii ki, “Zirvə” Beynəlxalq İdman Klubunun nailiyyətləri yalnız Azərbaycanla kifayətlənmir. Ötən il ərzində klubun “Ankara Tuzgölü-Zirvə”, “Jidaçiv-Zirvə”, “Minsk-Zirvə”, “Kişinyov-Zirvə”, “Smolyan-Zirvə” , “Ərdəbil-Zirvə”, “Beer-Şeva-Zirvə”, “Tbilisi-Zirvə” filiallarının təmsilçiləri müxtəlif yarışlarda güclərini sınayıblar.
Aprel ayında Xorvatiyada kişilər və qadınlar arasında Avropa çempionatında “Jidaçiv-Zirvə” atletlərindən Dmitro Çumak (94) qızıl, sentyabrda Kosovoda keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində “Smolyan-Zirvə” təmsilçisi Qalya Şatova (63 kq) gümüş, iyulda Nepalda keçirilən yeniyetmə və gənclər arasında Asiya çempionatında “Ərdəbil-Zirvə” nümayəndəsi Hosseyn Soltani gənclərin yarışında 69 kq bürünc medala sahib çıxıb. 15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatında “Jidaçiv-Zirvə”dən Kiril Piroqov 3 qızıl, Anna Panova 2 gümüş və 1 bürünc, İqor Obuxov 1 bürünc və Leonid Kubışkovski 1 gümüş medalla fərqləniblər. “Tbilisi-Zirvə”dən isə Anastasiya Qotfrid 3 qızıl, Georgi Çxeidze 3 gümüş medalla Avropa çempionatında əla çıxış nümayiş etdiriblər. 28 noyabr-5 dekabr tarixlərində ABŞ-ın Anahaym şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında qadınların yarışında “Tbilisi-Zirvə” təmsilçisi Anastasiya Qotfrid (90 kq) qızıl, kişilərin yarışında “Ərdəbil-Zirvə” təmsilçisi Səid Əlihüseyni (+105) gümüş, “Kişinyov-Zirvə” təmsilçisi Dumitru Katpari (77 kq) bürünc medal qazanıblar.
Bundan başqa “Zirvə”çilər ölkədaxili çempionat və turnirlərdə də fərqləniblər. Məsələn, “Ankara Tuzgölü-Zirvə”nin atletləri yanvar ayında Türkiyənin Fethiye şəhərində keçirilən ağır atletika üzrə Türkiyə çempionatında 2 qızıl, 2 gümüş və 2 bürünc, aprel ayında isə Konya şəhərində gənclər arasında Türkiyə klublararası ağır atletika çempionatında 3 qızıl, 1 gümüş və 1 bürünc medalı aktivlərinə yazdırıblar.
“Jidaçiv-Zirvə” filialının atletləri fevralda Ukraynanın Çerniqov şəhərində ağır atletika üzrə ölkə kubokunda 2 qızıl, 3 gümüş və 2 bürünc, mart ayında Xarkov şəhərində ikiqat olimpiya çempionu Leonid Jabotinskinin xatirəsinə həsr olunmuş gənclər arasında Ukrayna çempionatında 2 qızıl, 2 gümüş və 2 bürünc, apreldə isə Kiyev vilayətinin Çernobıl şəhərində 13 və 15 yaşlı yeniyetmələr arasında ölkə birinciliyində 2 qızıl və 2 gümüş medal əldə ediblər. Sentyabr ayında Ukrayna çempionatında “Jidaçiv-Zirvə” atletləri 2 qızıl və 3 gümüş medal qazanıblar.
May ayında ağır atletika üzrə Bolqarıstan çempionatında “Smolyan-Zirvə” təmsilçiləri 6 medal qazanıblar ki, onlardan 5-i qızıl, 1-i gümüş olub. İsrail çempionatında isə “Beer-Şeva-Zirvə” təmsilçisi Marina Muşik (69 kq) çempion olub.
“Zirvə” Beynəlxalq İdman Klubunun infrastrukturunun yenilənməsi istiqamətində də ötən il mühüm addımlar atılıb. Bunlardan biri mart ayında Astara şəhərindəki AAAF Park Yaşayış Kompleksində istifadəyə verilən ağır atletika üzrə təlim-məşq bazasıdır. Burada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib.
Xarici ölkələrə gəldikdə isə, sentyabr ayında Moldovadakı AAAF Park İdman və İstirahət Kompleksində yeni idman zalı istifadəyə verilib. Mərasimdə “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov, Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu, Moldova gənclər və idman nazirinin müavini Pavel Yanets və digər rəsmi şəxslər iştirak ediblər.
Beləliklə, yalnız halal qələbə uğrunda mübarizə aparan “Zirvə” Beynəlxalq İdman Klubu 2017-ci ili uğurla başa vurdu. 2017-ci ilin yekunlarına həsr olunmuş tədbirdə klubun prezidenti Tofiq Heydərov “Zirvə” idmançılarının il ərzində dünya və Avropa birinciliklərində, çempionatlarında, həmçinin digər mötəbər turnirlərdə uğurlu çıxışını qeyd edib: “Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında, Tailandda keçirilən yeniyetmələr arasında dünya birinciliyində, Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində əldə edilən nailiyyətlər Azərbaycan idmanına, onun inkişafına böyük töhfə verib və bu qələbələrdə əsas rolu “Zirvə”çilərin oynaması xüsusi qürur və fəxrdir. Azərbaycanla yanaşı, ölkə xaricindəki filiallarımızın təmsilçiləri də müxtəlif yarışlarda çempion olub, həm klubumuzun, həm də Azərbaycanın adını dünyaya tanıdıblar”.
Reallıq da göstərir ki, “Zirvə” İdman Klubu “İlin ən yaxşı idman təşkilatı” adına layiqdir. Klubun idmançılarının 2017-ci il ərzində çıxış etdikləri idman yarışları və qazandıqları qələbələr bunu təsdiq edir. Beləliklə, Azərbaycan ağır atletikasının lokomotivi olan “Zirvə” Beynəlxalq İdman Klubu 2017-ci ili də qələbələrlə başa vurdu.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”