Azərbaycan yığması Avropa 3-cüsü, Dadaş, Anastasiya və Firudin mütləq çempion oldu!

12108309_1632359283707338_3176092282230111250_n

Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı başa çatdı. Yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) medal mübarizəsinə qoşuldu. Qadınlar 7 (48 kg, 53 kg, 58 kg, 63 kg, 69 kg, 75 kg, +75 kg), kişilər isə 8 (56 kg, 62 kg, 69 kg, 77 kg, 85 kg, 94 kg, 105 kg, +105 kg) çəki dərəcəsində yarışdılar.
Bu turnirdə 6 nəfərdən (1 qadın və 5 kişi) ibarət Azərbaycan milli komandası da çıxış etdi. Az sayda idmançı ilə qatılmağımıza baxmayaraq, əldə edilən nəticələr möhtəşəmdir.
Atletlərimizdən ilk olaraq Allahyar Abışov yaşı 20-yə qədər olan idmançıların 62 kq çəki dərəcəsində mübarizə apardı. O, toplamda 261 kq (118+143) nəticə ilə Avropa çempionatının bürünc medalına medalına sahib çıxdı.

allahyar medal

“Goranboy-Zirvə” atleti Firudin Quliyev yaşı 23-ə qədər olan gənclərin 69 kq çəki dərəcəsində körpücük üzərinə çıxdı. O, toplam 328 kq (144+184) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

f4

“Şamaxı-Zirvə” atleti, Həmrəyliyi İdman Federasiyalarının III çempionatının bürünc medalçısı Elşad Şərifov 69 kq çəki dərəcəsində qüvvəsini sınadı. O, toplam 289 kq (131+158) nəticə ilə yekun sıralamada 6-cı yeri tutdu.

e2
Yeganə qadın idmançımız “Abşeron-Zirvə” təmsilçisi – Anastasiya İbrahimli 69 kq çəki dərəcəsində çıxış etdi. O, yaşı 23-ə qədər olan idmançıların sırasında oldu. Anastasiya İbrahimli toplam 226 kq (99+127) nəticə ilə Avropa çempionatının yekun sıralamasında qızıl medal qazandı.

i himn
Yaşı 20-yə qədər olan atletlərin 105 kq çəki dərəcəsində Dadaş Dadaşbəyli fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. O, toplamda 382 kq (176+206) nəticə göstərərək yekun sıralamada Avropa çempionu adını qazandı.

d1Son olaraq yaşı 20-yə qədər olan idmançıların +105 kq çəki dərəcəsində mübarizəsinə Azər Məmmədli qoşuldu. O, toplam 357 kq (157+200) nəticə ilə yekun sıralamada 6-cı yerə çıxdı.

az1

Beləliklə, Azərbaycan milli komandası 3 qızıl və 1 bürünc medal qazanaraq əla çıxış nümayiş etdirdi. Bu nəticə ilə yığmamız yaşı həm 20, həm də 23-ə qədər olan gənclərin ümumi yarışında Avropanın 3-cü ən yaxşısı adını qazandı. Milli komandamız yalnız Rusiya və Türkiyədən geri qaldı. Ancaq nəzərə alsaq ki, bu komandalar Klaypedaya hərəsi 20 idmançı ilə gəlmişdi, 6 nəfərlik yığmamızın əldə etdiyi 3-cü yeri ürəkdən alqışlamaq olar.

12108309_1632359283707338_3176092282230111250_nYığmamız yalnız toplamda deyil, birdən və təkanla qaldırma hərəkətlərində ayrı-ayrılıqda da qələbələr qazandı. Belədə komandamızın hesabında 7 qızıl, 2 gümüş və bir bürünc medal toplandı.
Yaşı 23-ə qədər olan atletlərin mübarizəsinə cəmi iki idmançı – Firudin Quliyev və Anastasiya İbrahimli ilə qoşulan Azərbaycan 2 böyük qızıl, 4 kiçik qızıl və 2 kiçik gümüş əldə edərək, Avropanın ən yaxşı 3-cü komandası adını qazandı. Çox gözəl nəticədir. Əminliklə söyləmək olar ki, heyətimiz geniş olsaydı, daha böyük uğura imza ata bilərdik. Müqayisə üçün qeyd edək ki, bu qrupa 14 idmançı ilə qatılan Türkiyə millisi də 4 kiçik qızıl əldə etdi və yalnız digər əyarlı medalların sayına görə bizi bir pillə qabaqladı.
Daha bir qürürverici məqam “Qobustan-Zirvə” atleti Dadaş Dadaşbəylinin mütləq çempionluğudur. O, yaşı 20-yə qədər olan atletlərin yarışında Avropanın zirvəsinə qalxdı. 105 kq çəki dərəcəsində Dadaşbəyli 382 kq (176+206) nəticə ilə Sinkleyr cədvəli üzrə 429,88 xal qazandı ki, bu da həmyaşıdları arasında ən yüksək nəticə oldu. Bununla da, Dadaş Avropanın (U-20) ən yaxşı kişi idmançısı seçildi.


Eyni uğura digər iki çempionumuz da imza atdı. Yaşı 23-ə qədər olan idmançıların yarışında qadınlarda Avropanın ən yaxşı idmançısı da Azərbaycan atleti seçildi. “Abşeron-Zirvə” nümayəndə Anastasiya İbrahimli 69 kq çəki dərəcəsində toplamda 226 kq (99+127) ilə 284,34 Sinkleyr xalı qazandı və bütün rəqiblərini qabaqladı.


“Goranboy-Zirvə” atleti Firudin Quliyev isə yaşı 23-ə qədər idmançıların yarışında Avropanın ən yaxşı kişi idmançısı seçildi. 69 kq çəki dərəcəsində toplam 328 kq (144+184) nəticə ilə 446,06 xal qazanan atlet hamıdan bir addım irəlidə olduğunu sübut etdi.


Azərbaycan yığmasının qazandığı nailiyyətin böyüklüyü məhz qələbələrdə görünür. İdmançılarımız U-20 və U-23 qruplarında mümkün olan 4 çempionluqdan 3-nü əldə etdi. Yalnız bir – yaşı 20-yə qədər olan qadınların mübarizəsində bunu etmədik ki, buna da səbəb bu qrupda idmançımız iştirak etməməsi idi. Etsəydik, qələbə qaçılmaz idi.
Cəmi 6 atletlə Klaypedaya gedən Azərbaycan milli komandası Avropa 3-cülüyü və üç mütləq çempionla vətənə qayıdır. Bu fantastik nəticəni əldə edən, bunda əməyi keçən hər kəsə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Azərbaycan ağır atletikasının gələcəyinin parlaq olduğu, daha böyük qələbələrin bizi gözlədiyi dəqiqdir. Ehtiyat qüvvəsi belə olan millinin çempionluqları sıralayacağı şübhəsizdir. Bütün idmançılarımızı şəxsi məşqçiləri, yığmanın məşqçiləri, komandanın bütün üzvləri – texniki, inzibati işçiləri, rəhbərliyi bir daha təbrik edir, sevincinizə şərik oluruq.
“Zirvə” Beynəlxalq İdman Klubunun bu qələbədəki rolunu isə geniş izah etməyə ehtiyac yoxdur. Azərbaycanın bütün idman növləri üzrə ən güclü klublarından biri, ağır atletikanın ən yaxşı klubu gücünü məhz bu çempionluqlarla göstərməkdədir. Gənc nəsli yetişməsi, ən aşağıdan ən zirvə nöqtəsinə qalxması üçün bütün şəraiti yaradan, idmançılarının qeydinə qalıb onların problemlərini həll edən, səmimi, xoş münasibət göstərən “Zirvə” hamıya nümunədir.
Biz adımızı gördüyümüz işlə sübut edirik. “Zirvə” həmişə zirvədə olub, zirvədədir və bundan sonra da zirvədə olacaq!

P.S.: Milli komandamız oktyabrın 12-si, saat 17:05-də Bakıya qayıdır. Hamınızı qəhrəmanlarımızı qarşılamaq üçün hava limanına getməyə dəvət edirik. Onlar buna layiqdirlər!

 

Results_Junior_Klaipeda_2015

Results_U23_Klaipeda_2015

SHARE
Şərh yaz