Azər Məmmədli

Slovakiyanın Koşitse şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycan Ağır Atletikası tarixində yeni bir səhifə açıldı. +94 kq çəki dərəcəsində çıxış edən gənc atletimiz Azər Məmmədli gümüş medal qazanaraq, böyük bir uğura imza atdı. Müstəqillik dövrümüzdə hələ belə bir nəticə qazanılmamışdı.

Azər Məmmədli 1995-ci ildə Lənkəran şəhərində anadan olub. Uşaqlıqdan ağır atletikaya həvəsi olduğundan ən gənc yaşlarında bu idmanın sirrlərinə yiyələnməyə başlayıb. Bir çox dünya səviyyəli idmançıların yetişdiyi Lənkəranda böyüyən Məmmədli, 2006-cı ildə indiki şəxsi məşqçisi Qasımov Anarın yanına gəlir. Məşqçi onda olan istedadı görən kimi çalışmalara başlayır.

Məmmədli “Zirvə” İdman Klubunun həm zona yarışları, həm final mərhələsində, həm də kubokunda dəfələrlə qələbə qazanaraq güclü idmançı olduğunu sübut edir. Bu yarışlar zamanı qazandığı təcrübə, klubun məşqçilər heyətinin verdiyi məsləhətlər, yaradılan şərait onun inkişafında böyük rol oynayır. Klubda onunla yanaşı, bir çox istedadlı və güclü gənclərin olması, aralarındakı böyük idman rəqabəti Məmmədlinin hazırlığını ən yüksək səviyyəyə çıxartmağa yardımçı olur.

Bu ilin iyununda keçirilən 6-cı “Zirvə Kuboku”nda Azər Məmmədli uğurla çıxış etmişdi

Qısa zaman içərisində uğurlu nəticələr qazanan Məmmədli, yaşının az olmasına baxmayaraq ardıcıl olaraq yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionu olur. Daha sonra MDB kubokunda gümüş medal qazanan Azər, Azərbaycan rekordunu da yeniləyir.

Rumıniyadakı Avropa çempionatına medal dalınca yollanan Azər Məmmədli, özünün güclü tərəfi olduğu təkanla qaldırma hərəkətində sıfır nəticə əldə edərək yarışı tərk etdi.

Azər Məmmədlinin Avropa çempionatındakı çıxışının videoları

Ancaq bu uğursuzluqdan sonra ruhdan düşməyən idmançımız, Slovakiyaya gedərək bunun əvəzini çıxmaq üçün mübarizəyə qatıldı.

Şəxsi məşqqçisi Anar Qasımovun bu haqda dedikləri maraqlıdır: “Avropa çempionatındakı uğursuzluğu bizi çox üzmüşdü. Çünki Azərin potensialına bələd idik və əmin idik ki, o yarışdan ən azı bürünc medalla ayrılacaq. Hətta çempion olsaydı belə, təəccüblənməyəcəkdik. Məmmədli bunu etməyə qadir idi. Hər halda məşqçilər heyəti olaraq ona dəstək, təkan verdik. Hesab etdik ki, bu idmandı və qələbələr olduğu kimi, məğlubiyyətlər də olur. Azərin özü də ruhdan düşmədi. Nəyin bahasına olursa-olsun, daha yaxşı hazırlaşıb, nəticə qazanmaq istəyirdi. Vaxtın azlığına baxmayaraq, iki həftəyə özünü topladı və dünya çempionatında gümüş medal qazandı”.

Məşqçisi Azərin uğurunun onun əzmkarlığıyla əlaqədar olduğunu qeyd etdi: “Azərlə çoxdan hazırlaşırdıq. Onun uğur qazanmasına zədələri də mane olurdu. İki dəfə möhkəm zədələndi və hərəsainbdə ən azı 6 ay məşq edə bilmədi. Müəyyən həddə çatıb hazır olan kimi zədələnmək çox pis şeydi. Çünki burada həm fiziki, həm də psixoloji zərbə alırsan. Bir gənc üçün bu yükün altından qalxmaq asan deyil. Ancaq biz məşqçilər də, klubumuzun rəhbərliyi də ona inamını itirmədi. Lazımi dəstəyi verdik və o da öz növbəsində də, ümidlərimizi doğrultdu”.

Məşqçi həm də yetirməsinin məşqlərdə çox çalışdığını da əlavə etdi: “Azər məşqlərə həmişə ciddi yanaşıb. Vaxtında gəlib, vaxtında gedib, verilən tapşırıqları sona qədər yerinə yetirib. İntizamlı, eyni zamanda əzmkar biridir. Bu, onu qələbəyə daşıyan xüsusiyyətlərdir. Texniki baxımdan güclü tərəfi təkanla qaldırmadır. Ştanqı sinəsinə götürdüsə, çəkini qaldıracaq. Bu hərəkət üzərində çox çalışıb”.

Azər Məmmədlinin atası Qalib kişi də oğlundan çox razıdır: “Bu qələbəyə çox sevindim. Çünki Azərin bunun üçün necə əziyyət çəkdiyini görürdüm. O, çoxdan uğur qazanmalıydı. Məşqlərdə çox çalışır, yarışlara ciddi hazırlaşırdı. Şükürlər olsun ki, bu əziyyəti bəhrəsini verdi. Ölkəmizdə idmana dövlət başçımız tərəfindən böyük qayğı var. “Zirvə” İdman Klubunda isə qələbələr üçün hər cür şərait yaradılıb. Buna görə, klubun prezidenti Tofiq Heydərova böyük minnətdarlığımı bildirirəm. Məşqçilər heyətində yer alan hər kəsin də bu uğurda öz payı var. Hamısına təşəkkür edirəm. İnanıram ki, bu uğurun davamı gələcək”.

SHARE
Şərh yaz