Çempionatın açılış mərasimi keçirilib

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan çempionatı keçirilir. Artıq ölkənin bütün bölgələrindən 150-yə yaxın atletin qüvvəsini sınadığı turnirin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov niqt söyləyib. O, yarışların keçirilməsində məqsədlər, ölkə idmanının inkişafı və bir neçə digər mövzuya toxunub: “Çempionatı izləməyə gələn hər kəsi salamlayıram. Bu, bu il təşkil etdiyimiz 3-cü ölkədaxili yarışdır və aşkar görünür ki, təşkilatçılıq baxımından ən yüksək səviyyəyə iddialıyıq. Ağır atletlərimizə maksimum məşq, istirahət və yarış şəraiti yaradaraq beynəlxalq yarışlarda uğur qazanmalarına çalışırıq. Bu çempionat bizi qarşıda gözləyən Avropa çempionatı, Tailandda yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yeniyetmələrin dünya birinciliyi, ən əsası da Bakıda keçiriləcək IV İslam Oyunlarına sınaq xarakteri daşıyır. Bununla yanaşı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi də öncül istəklərimizdəndir. Azərbaycanda ağır atletika həmişə böyük ənənələrə malik olub, inkişaf üçün dəstək nümayiş etdirilib. Biz də bu istiqmaəti davam etdiririk. Əminik ki, atletlərimiz beynəlxalq yarışlarda uğurlar qazanacaq, ölkəmizi layiqincə təmsil edəcəklər. Federasiya rəhbərliyinə, prezident Cahangir Əsgərova dəstək və etimadına görə təşəkkür edirəm”.
Daha sonra Heydərov yarışları açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışlar kişilərin 56 kq çəki dərəcəsindəki mübarizəsi ilə davam etdirilib.

SHARE
Şərh yaz