Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunları tam sürətlə davam edir. Bu dəfə növbə çimərlik voleybolu üzrə yeniyetmə idmançılara çatıb. Onlar Astarada yerləşən AAAF Park Yaşayış, İstirahət və Əyləncə Kompleksinin çimərlik meydançasında mübarizəyə qoşularaq qalibləri müəyyən ediblər.
Bildiyiniz kimi, dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən builki Oyunlar öz doğru vaxtında başlamadı, aylarla ertələnməli oldu. Buna baxmayaraq, klub olaraq hətta karantin dövründə uşaqlar arasında ilkin mərhələdə basketbol (səbətə top atma) uşaq atletikasından uzununa tullanma yarışları keçirmiş, top atma yarışında simvolik olaraq hər iştirakçı məhz 19 top atmış və bu bizim klub olaraq COVİD-19 pandemiyasına simvolik etiraz və zərbəmiz olmuşdu.
Çimərlik voleybolu meydançasında da ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına tam uyğunlaşdırılaraq yarış təşkil edildi, şəxsi gigiyena, sosial məsafə və tibbi qoruyucu vasitələrdən istifadə qaydalarına, həmçinin digər müvafiq tələblərə riayət olundu, iştirakçıların sağlamlığı ön plana çıxarıldı.
Voleybolçular qızlar və oğlanlar olaraq komanda yarışında qalibləri müəyyən etdilər. Hər matçda sona qədər aparılan gərgin mübarizə, gözəl zərbələr və qurtarışlar, yüksək rəqabət səviyyəsi Zirvə Oyunlarına rəng qatdı. Nəticələrə gəlincə, hər iki yarışda “Sərhədçi-2” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Qızlarda Mədinə Poladova – Fatimə Hüseynova, oğlanlarda isə Nihad Qasımov – Rəvan Abdullayev cütlüyü qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Təbrik edirik!
Qızlar
1. Mədinə Poladova/Fatimə Hüseynova (“Sərhədçi-2”)
2. Nəzrin Əhmədli/Fizzə Qocayeva (“Sərhədçi-1”)
3. Emiliya Əliyeva/Nəzrin Salmanova (“Azəri”)
Oğlanlar
1. Nihad Qasımov/Rəvan Abdullayev (“Sərhədçi-2”)
2. Rəvan Bağırov/Emin Mirkazımzadə (“Sərhədçi-1”)
3. Fərid Talıbov/Zəmin Məmmədov (“Masallı-2”)
ŞƏKİLLƏR
Yarışların təşklinin verdikləri dəstəyə görə Astara idman könüllülərinə təşəkkür edirik.
Növbəti həftələrdə kartinq, atıclıq, atçılıq, 3×3 basketbol və atletika yarışlarının keçirilməsi nəzərdə tutulub. Yarışların Astara AAAF Park, həmçinin yeni inşa olunan “Qamışoba Zirvə Beynəlxalq-Təlim-Məşq Bazası”nın ərazisində yerləşən idman qurğularında təşkili planlaşdırılıb. Seçim edilərkən yarışların açıq havada keçirilə, həmçinin karantin qaydalarına tam riayət edilə bilmə ehtimalı diqqətə alınıb. Qeyd olunub ki, qalib və medalçılara hədiyyələr və mükafatları xüsusi rejiminin qaydalarına uyğun şəkildə təqdim ediləcəkdir.
8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində keçirilməsi 30-dan çox ölkədən 10 mindən çox idmançının iştirakı ilə təşkil olunması nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Ancaq məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. Zirvə Beynəlxalq İdman Klublarının rəhbərliyinin alternativ imkanlarla yarışları keçirmək qərarı isə bütün çətinliklərə rəğmən ölkədə həyata keçirilən idman siyasətinə dəstək vermək, gələcək nəslin sağlam yetişməsində iştirak etmək, ümummilli lider Heydər Əliyev irsini qorumaq və davam etdirməkdir.
Ötən ilin 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.