COVİD-19-A QARŞI 19 TOP ATIŞI İLƏ!

8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarına start verildi

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında 8-ci ənənəvi Zirvə Beynəlxalq Uşaq Oyunları start götürüb. Dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən budəfəki yarışların təmassız şəkildə keçirilməsi nəzərdə tutulub. Oyunlar ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına tam yğunlaşdırılaraq təşkil ediləcəkdir.
Durumu nəzərə alaraq uşaqlar arasında ilkin mərhələdə basketbol (səbətə top atma) uşaq atletikasından uzununa tullanma yarışları keçiriləcək. Top atma yarışında simvolik olaraq hər iştirakçı məhz 19 top atacaq və bu bizim COVİD-19 pandemiyasına simvolik etiraz və zərbəmiz olacaq!
#evdəqalsağlamqal prinsiplərinə uyğun olaraq, gərəkdiyi halda, avadanlıqların hər bir yeniyetmə idmançının evinə qədər daşınması və fərdi yarışma şansının verilməsi nəzərdə tutulub. Yerində və ya onlayn olmasından asılı olmayaraq yerinə yetirilən təmrinlər yarışda iştirak kimi qeydə alınacaq, nəticələr emal edilərək bütün iştirakçılar arasında hər növ və hər növdə hər yaş qrupu üzrə ayrıca qaliblər mütəxəssislər tərəfindən müəyyən ediləcəkdir. Qalib və medalçılara hədiyyələr və mükafatları karantin rejiminin qaydalarına uyğun olaraq ilkin mərhələdə elektron formada, daha sonrasında yarışların bağlanış mərasimində real şəkildə təqdim ediləcəkdir.
Bu gün Yarışların Təşkilat Komitəsinin üzvləri bir neçə ailənin qonağı olmuş, bütün təhlükəsizlik qaydalarına riayət olunmaqla yarış təşkil etmişdirlər. Həmin görüntüləri aşağıdakı videoda sizə təqdim edəcəyik.

8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində keçirilməsi 30-dan çox ölkədən 10 mindən çox idmançının iştirakı ilə təşkil olunması nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Ancaq məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. Zirvə Beynəlxalq İdman Klublarının rəhbərliyinin alternativ imkanlarla onlayn yarışları keçirmək qərarı isə bütün çətinliklərə rəğmən ölkədə həyata keçirilən idman siyasətinə dəstək vermək, gələcək nəslin sağlam yetişməsində iştirak etmək, ümummilli lider Heydər Əliyev irsini qorumaq və davam etdirməkdir.
Ötən ilin 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.

SHARE
Şərh yaz