13-16 yanvar tarixlərində Bakıda cüdo üzrə qız və oğlan yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Burada ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparıblar. Yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçmək olub.
Birincilikdə həmişə olduğu kimi “Zirvəçilər” də iştirak edərək uğur qazanıblar. Təcrübəli mütəxəssislər Hətəm və Elməddin Əhmədovların rəhbərliyi altında iki cüdoçumuz fəxri kürsüyə qalxmağı bacarıb.
Qızların yarışında Nərmin Soltanova 40 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Oğlanlarda isə 50 kq çəki dərəcəsində Xalid Məmmədov bürünc medala layiq görülüb.
Təbrik edirik!