24-26 dekabr tarixlərində Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Ölkənin bütün regionlarından ümumilikdə 332 idmançının qatıldığı yarışda “Zirvəçilər” də mübarizə aparıblar. Cüdoçularımız uğurlu çıxışla yadda qalıblar.
“İsmayıllı-Zirvə” təmsilçisi Aytəkin Paşazadə +78 kq çəki dərəcəsində tatami üzərinə çıxıb. O, bürünc medal əldə etməyi bacarıb.
63 kq çəki dərəcəsində “Abşeron-Zirvə” təmsilçisi Leyla Hüseynova finala qədər irəliləyib. O, yalnız həlledici görüşdə məğlub olaraq yarışların gümüş medalına sahib çıxıb.
70 kq çəki dərəcəsində isə “Abşeron-Zirvə”nin təmsilçisi Günel Həsənli qələbəni bayram edib. Təcrübəli cüdoçumuz öz çəkisində bütün rəqibləri üstələyib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Mükafat qazanan qızlarımızı, həmçinin məşqçilər Əkbər Şəfəqətov, Elməddin Əhmədov və Hətəm Əhmədovu təbrik edir, gələcəkdəki yarışlarda da uğurlar qazanmalarını arzulayırıq!