Cüdoçularımız Azərbaycan çempionatında yenidən uğur qazandılar!

Dekabrın 22 və 23-də Bakı İdman Sarayında böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda ölkəmizin ən güclü kişi və qadın cüdoçuları da mübarizə aparıblar.

Ənənəyə sadiq qalaraq “Zirvə” cüdoçuları tatami üzərində məharətlərini uğurla göstəriblər. 52 kq çəki dərəcəsində “İsmayıllı-Zirvə” təmsilçisi Zəhra Mehdiyeva fərqlənib. O, yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

78 kq çəki dərəcəsində isə “Abşeron-Zirvə” cüdoçusu Günel Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bütün rəqiblərini üstələyən təmsilçimiz növbəti dəfə Azərbaycan çempionu olub. Qaliblərə medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub. Bildirilib ki, Respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaq.

Cüdoçularımızı, onların məşqçilərini təbrik edir, klubumuzun adını həmişə layiqli təmsil etdiklərinə görə təşəkkür edirik!

SHARE
Şərh yaz