“Milli Cüdomuza İctimai Nəzarət Klubu” və ACF-nin birgə təşkilatçılığı ilə respublika turniri keçirilib
Ötən həftəsonu Şəmkir Olimpiya İdman Kompleksi cüdo yarışına ev sahibliyi etdi. Kompleksin idman oyunları zalında Novruz bayramına həsr olunmuş respublika turniri təşkil olundu. Azərbaycan Cüdo Federasiyası və “Milli Cüdomuza İctimai Nəzarət Klubu”nun birgə təşkilatçılığı, habelə Şəmkir şəhər Gənclər və İdman İdarəsinin dəstəyilə keçirilən bu yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun cüdoçuları da iştirak ediblər. Onlar 2 qızıl medal qazanaraq etimadı artıqlaması ilə doğruldublar.
“Zirvə”dən yarışa Elməddin Əhmədovun rəhbərliyi altında qatılan cüdoçulardan ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Çəkisi 27 kq-a qədər olan idmançıların mübarizəsində finalda təmsilçimiz Emin Həsənov sumqayıtlı rəqibinə qalib gələrək qızıl medala sahib çıxıb.
Eyni uğur 34 kq çəki dərəcəsində təkrarlanıb. Yaxınlarda yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olmuş Murad Əliyev bakılı rəqini üstələyərək çempion adına layiq görülüb.
Hər iki idmançımızı bu qələbə münasibətilə tbərik edir, gələcəkdə də uğurlarını davam etməsini arzulayırıq.
Qeyd edək ki, turnirin açılış mərasimində Şəmkir şəhər Gənclər və İdman İdarəsinin rəisi çıxış edərək ölkəmizdə idmana göstərilən diqqətdən danışdı. Daha sonra söz yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Fariz Hüseynova verildi. Ədalət təmsilçisi öz çıxışında iştirakçılara uğurlar arzuladı. Turnirdə mübarizə başlamamışdan öncə beynəlxalq dərəcəli hakim Fariz Hüseynov tərəfindən iştirakçılara,məşqçilərə və hakimlərə cüdo idman növünün qaydaları ilə bağlı maarifləndirici izahat verildi, idmançılara, məşqçilərə qaranlıq qalan məsələlərə toxunuldu. Bu turnirdə Gəncə ilə yanaşı respublika paytaxtının, həmçinin Mingəçevir, Naxçıvan, Ağdaş, Bərdə, Yevlax, Qəbələ kimi şəhər və rayonların 100-dən artıq cüdoçusu 10 çəki dərəcəsində qalib və mükafatçıları müəyyənləşdirib.
Bu yarış idmançıların qüvvəsinə baxış keçirmək mənasında olduqca mühüm əhəmiyyət kəsb edib. Qarşıda daha çətin və məsuliyyətli yarışlar var. Onlara hazırlaşmaq üçün belə bir turnirlərin keçirilməsi,cüdoçuların yarış təcrübəsi qazanması olduqca zəruridir.
Turnirdə ilk 3 yeri tutan idmançılar diplom və medallarla təltif olunublar.