“Zirvə” cüdoçuları son günlərdə uğurlu çıxışları ilə fərqlənirlər. Təcrübəli mütəxəssislər Hətəm və Elməddin Əhmədovların rəhbərliyi altında təmsilçilərimiz daha iki yarışda nailiyyət əldə ediblər.
20-22 noyabr tarixlərində FHN İdman-Sağlamlıq Mərkəzinin yarış zalında kişilər və qadınlar arasında açıq Bakı çempionatı keçirilib. Çoxsaylı iştirakçılar arasında “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndələri də olub. Yarışda çıxış edən yeniyetmə qızlarımız iki medal qazanıblar. 57 kq çəki dərəcəsində Quliyev Nuray, 63 kq çəki dərəcəsində isə Leyla Hüseynova 3-cü yeri tutaraq bürünc medala sahib çıxıblar.
6-8 dekabr tarixlərində Sumqayıt Olimpiya-İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 8-ci beynəlxalq turnir keçirilib. “Zirvə” cüdoçuları yenə də layiqli çıxış nümayiş etdirərək medallar qazanıblar. Qızlardan Hüsna Səmədli və Nərmin Soltanova bürünc, oğlanlardan isə Nihad Sultanlı qızıl, Xalid Məmmədov isə gümüş medal əldə edərək fəxri kürsüyə qalxıblar.
Təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!