21 aprel 2019-cu il tarixində Gəncə Olimpiya İdman Kompleksində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və “Gəncə” İdman Klubunun təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü”nə həsr olunmuş cüdo üzrə 2005-2006, 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Gəncə İdman Klubunun açıq birinciliyi keçirilib. Birincilikdə Azərbaycan və Gürcüstandan olmaqla 10 komandada 150 nəfər idmançı mübarizə aparıb. Onların arasında “Zirvə”çilər də olub. Elməddin Hüseynovun rəhbərliyi altında çıxış edən yeniyetmə cüdoçularımız uğurlu çıxışla yadda qalıb. Komanda üzvlərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal eldə ediblər. 30 kq çəki dərəcəsind Ağahüseyn Atakişiyev qızıl, 34 kq çəki dərəcəsind İlkin Nuriyev gümüş, 27 kq çəki dərəcəsində Nəcəf Nəsrullayev və 38 kq çəki dərəcəsində Ramil Xanbabayev is bürünc medala sahib çıxıb.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində isə 15 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda respublikamızın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparıb. Üç gün davam edən ölkə birinciliyində 66 klubun təmsilçiləri medallar uğrunda yarışıblar. Onların arasında Abşeron və Masallı “Zirvə”çiləri də olub. Təmsilçilərimiz 3 gümüş medalla fərqləniblər. Qızlarda 32 kq çəki dərəcəsində Nərmin Soltanova, 63 kq çəki dərəcəsində Nərmin Babayeva, oğlanlarda isə 66 kq çəki dərəcəsində Elmar Abışov fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bütün qalib və mükafataçılarımızı, həmçinin onların məşqçilərini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!