İyunun 4-5-də Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII beynəlxalq turnir keçiriləcək.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda Azərbaycan, Rusiya, İran, Gürcüstan, Türkmənistan, Qırğızıstan, İsrail, Sloveniya, Xorvatiya və Macarıstandan 300-dən çox idmançı birincilik uğrunda mübarizə aparacaq.
1999-2001-ci il təvəllüdlü idmançılar arasında təşkil olunacaq yarışda 18 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Tədbirin keçirilməsində məqsəd Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, iştirakçıların idman ustalığının artırılması, xarici ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi və ən güclü idmançıların aşkar edilməsindən ibarətdir.
Bu mötəbər yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun da bir nümayəndəsi çıxış edəcək. 15 yaşlı Zəhra Mehdiyeva 57 kq çəki dərəcəsində mübarizə aparacaq. Ona uğurlar arzu edirik!