ABŞ Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında Azərbaycan milli komandasının üzvləri üçün başa çatıb. Corc Braun Konfrans Mərkəzinin Yarış zalında son kişilər 105 kq çəki dərəcəsində B qrupunda medal mübarizəsinə qoşulublar. Bu qrupda Azərbaycan yığması və “Qobustan-Zirvə” atleti Dadaş Dadaşbəyli çıxış edib.
19 yaşlı atletimiz birdən qaldırma hərəkətində hər üçün yanaşmasını uğurlar yerinə yetirib və 185 kq-la 1-ci olub. Təkanla qaldırma hərəkətində isə 210 kq-la o, 5-ci yeri tutub.
Toplamda 395 kq (185+210) nəticə göstərən Dadaş Dadaşbəyli B qrupunda bütün rəqiblərini qabaqlayaraq qalib olub.
Dadaşbəyli yekun sıralamada 9-cu yeri tutub. İdmançımızın yaşını nəzərə alsaq, bu, çox gözəl nəticədir. Gənc atlet birdən qaldırma hərəkətində bürünc medala çox yaxın idi. O, bu pillənin sahibindən cəmi 1 kq geri qaldı. Bir daha təkrar edirik ki, onun cəmi 19 yaşı var və Azərbaycan ağır atletikasının böyük gələcək vəd edən idmançılarındandı. Dadaşbəyli “Zirvə” İdman Klubunda hər kəsin rəğbət bəslədiyi, qələbəsinə ümid etdiyi atletdir. Ölkəmizin bayrağını yüksəkdə tutmaq, layiqincə təmsil etmək Dadaşın bacarağı bir işdir. Biz buna inanır, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!