İsveçin Landskrona şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet çıxış edir.
Şəhərin “Landskrona Idrottshall” yarış zalında baş tutacaq turnirdə Azərbaycan milli komandası da iştirak edirlər. Yığmanın heyət üzvlərinin böyük hissəsi “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələridir.
Bu gün klubumuzun üzvlərindən daha ikisi – Almazxan Səfərov və Alxasov Əlimərdan yaşı 15-ə qədər olan oğlanların medal mübarizəsinə qoşulublar. Onların hər ikisi 69 kq çəki dərəcəsində çıxış edib.
“Lerik-Zirvə” atleti Əlimərdan Alxasov birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. O, 98 kq-la bu hərəkətdə 6-cı yeri tutub.
Əlimərdan təkanla qaldırma hərəkətində ilk yanaşmada 117 kq-ı ram etsə də, sonrakı 123 kq-ı iki cəhddə qaldırmaq nəsib olmayıb. O, bu hərəkətdə 7-ci olub.
Alxasov toplam 215 kq (98+117) nəticə ilə Avropa birinciliyində 7-ci yeri tutub.
“Abşeron-Zirvə” təmsilçisi Almazxan Səfərov birdən qaldırma hərəkətində ilk yanaşmasını uğurla yerinə yetirib. O, 100 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Almazxan təkanla qaldırma hərəkətində əvvəl 117, sonra isə 123 kq-ı başı üzərinə qaldırıb. Lakin sonuncu cəhddə sifariş verdiyi 127 kq ramedilməz olub. O, bu hərəkətdə 5-ci olub.
Səfərov toplam 223 kq (100+123) nəticə ilə Avropa birinciliyində 5-ci yeri tutub.