“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın (ZİSC) ilk böyük yarışının hazırlıqları gedir. Artıq bu turnirin iştirakçılarının siyahısı məlumdur. Onunla aşağıda tanış ola biləcəksiniz.
Qeyd edək ki, yarış – “8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs Dünya Çempionatı” adını daşıyır. Bu yarışda Polşa, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Moldova və Azərbaycandan yüzə yaxın idmançı və məşqçi iştirak edəcəkdir. Hər yaş qrupunda 12 idmançının iştirak etməsi nəzərdə tutulub. Ancaq müəyyən qruplarda bir və ya iki idmançıya “vayld-kard” verilməsi də mümkündür. Bu haqda ZİSC rəhbərliyi qərar verəcəkdir.
Vaxt cədvəlinə gəlincə, gəlmə günü avqustun 17-si, getmə günü isə avqustun 21-dir. Avqustun 18-19-da yarışlar keçiriləcək, 20-də isə qonaqlar üçün şəhər gəzintisi və banket təşkil olunacaqdır. Yarışın bütün iştirakçıları AAAF Park Yaşayış Kompleksində qalacaq, lazımi şəraitlə təmin olunacaqlar.