Noyabrın 4-16-sı aralığında Qazaxıstanın Almatı şəhərində 81-ci kişilər və 24-cü qadınlar arasında ağır atletika üzrə dünya çempionatı keçirildi. Azərbaycan yığmasının da 6 nəfərlə təmsil olduğu bu böyük turnir maraqlı mübarizə ilə yadda qaldı. Xüsusilə, kişilərin 105 kq çəki dərəcəsində qızıl medal yarışını izləməyə dəyərdi. Yerli idmançı – ikiqat Olimpiya çempionu İlya İlyinin təkanla qaldırma hərəkətində 242 kq qaldıraraq dünya rekordunu 4 kq təzələməsi böyük rezonansa səbəb oldu. Ümumilikdə, bu dünya çempionatında qadınlarda 7, kişilərdə 8 dünya rekordu yeniləndi. Qadınlarda xal hesabında ən yaxşı atlet rusiyalı Tatyana Kaşirina, kişilərdə isə çinli Liao Hui oldu.
Yarışda kişilərdə 62, qadınlarda 51 ölkədən idmançı körpücük üzərinə çıxdı. Kişilərin komanda hesabında Çin birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yerə çıxdı. Yarışa gənc heyətlə yollanan Azərbaycan yığması 33-cü oldu. İdmançılarımızdan Elmar Alıyev 56 kq çəki dərəcəsində 24-cü, Rüstəm İmanzadə 62 kq çəki dərəcəsində 17-ci, Dadaş Dadaşbəyli 94 kq çəki dərəcəsində 14-cü yeri tutdu.
Qadınların komanda hesabında da birinci yerə Çin layiq görüldü. İkinci yeri Tailand, üçüncü yeri isə Rusiyadan olan atletlər tutdular. Ən böyük idmançısının 21 yaşı olan Azərbaycan qadın yığması isə bu sıralamada 34-cü pillədə qərarlaşdı. Zərif cins nümayəndələrimizdə Boyanka Kostova 53 kq çəki dərəcəsində 8-ci, Gülçin Əlizadə həmin çəkidə 28-ci, Elnarə Abbasova isə 63 kq çəki dərəcəsində 35-ci yeri tutdu.
Medal sıralamasına görə qadınlarda ilk üç yeri müvafiq olaraq Çin, Şimali Koreya və Rusiya, kişilərdə isə Şimali Koreya, Qazaxıstan, Çin tutdular. Bu sıralamalarda milli komandamız qadınlarda 22, kişilərdə isə 42-ci oldu.
Qazanılan xallarımız yetərli olmadığından hələ ki, nə qadınlar, nə də kişilərdə Olimpiadaya lisenziya verən pilllərdən uzaqda qalmışıq. Ancaq bu durumu düzəltmək imkanımız olacaq. Gələn il ABŞ-nın Hyuston şəhərində keçiriləcək dünya, həmçinin 2016-cı ilin aprelində keçiriləcək Avropa çempionatında daha güclü heyətlə çıxış edə biləcək, şanslarımızı daha da artıra biləcəyik.
Aşağıda bu dünya çempionatının bütün statistikaları ilə tanış ola bilərsiniz: