Əliquluzadə Elxan

elxan-eliquluzadeElxan Teymur oğlu Əliquluzadə 1995-ci il aprelin 2-də Lənkəran şəhərində ağır atlet ailəsində anadan olub. Atası əməkdar məşqçimiz Teymur Əliquliyevin rəhbərliyi altında məşqlərə başlayan gənc atlet ən kiçik yaşlarında uğur qazanıb.

“Zirvə” İdman Klubunun zona və final yarışlarının, kubokunun dəfələrlə qalibi və mükafatçısı olan Elxan, beynəlxalq yarışlarda da böyük zəfərlərə nail olub.

O, ilk dəfə 2011-ci ilin avqustunda Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələr arasında 9-cu Avropa çempionatında iki hərəkətin cəmində bürünc medala yiyələnib. Üstəlik, Elxan 146 kq ilə təkanla qaldırmada qızıl medal qazana bilib. Gənc və istedadlı idmançımız bu qələbəsiylə böyük potensialını bütün Avropaya nümayiş etdirib.
Bir ildən sonra – 2012-ci ilin sentyabrında, Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasında X Avropa birinciliyində Elxan bu nəticəsini təkrarlayıb. Toplamda 288 kq (128 kq + 160 kq) nəticə göstərən gənc idmançı, Avropa çempionatının bürünc medalına yiyələnib.

Bundan cəmi bir neçə gün sonra, Slovakiyanın Koşitse şəhərində keçirilən yeniyetmələr arasında 3-cü dünya çempionatında çıxış edən Elxan, toplamda 292 kq-la (131 kq + 161 kq) dünya çempionatında 4-cü yeri tutub və medalın biraddımlığından dönüb.

Elxanın ən böyük uğuru isə keçən il oldu. Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyində yarışan atletimiz, 20 yaşa qədər oğlanlar arasında 69 kq çəki dərəcəsində mübarizə aparıb və möhtəşəm çıxış edərək çempion adına layiq görülüb.

Birdən qaldırma hərəkətində Elxan əvvəlcə 130 kq-ı ram edib. İkinci yanaşmasında 135 kq sifariş verən Əliquluzadə, bu çəkinin də öhdəsindən gəlib. Üçüncü yanaşmasındakı 137 kq-a güc gələ bilməyən atletimiz bu hərəkətdə ikinci yeri tutub.

Təkanla qaldırma hərəkətində isə atletimiz daha uğurlu çıxış edib. Əvvəlcə 160, sonra isə 166 kq-ı ram edən Əliquluzadə bu hərəkətdə qızıl medalı təmin edib. Ancaq ümumi çempionluq üçün bu yetərli deyildi. Gürcü rəqibi Şota Mişvelidze birdən qaldırma hərəkətində ondan 8 kq artıq qaldırdığından, Elxan bunun əvəzini təkanla qaldırmada çıxmalıydı. Üstəlik, şəxsi çəkisi gürcüdən çox olması, atletimizin işini daha da çətinləşdirib. Belədə, lənkəranlı gənc ağırllıqqaldıranımız çempionluq üçün rəqibindən 9 kq çox çəki qaldırmağa məcbur idi. Və o, bu işin öhdəsindən layiqincə gəldi! Mişvelidzenin 165 kq-ına 174 kq-ı ram etməklə cavab verən Elxan Əliquluzadə Avropa çempionu oldu.
Toplamda 309 kq (135 kq + 174 kq) nəticə ilə qızıl medal qazanan atletimiz, vaxtilə analoqu olmayan biabırçılıq nəticəsində Firudin Quliyevi üstələmiş erməni Vladik Karapetyanı yenərək ondan əvəz çıxa bildi. Ermənini 21 kq qabaqlayan və ona Azərbaycan himninin dinləməyə məcbur edən Elxan ən xoş sözlərə layiqdir.
Onu alqışlayır, gələcəkdə daha böyük uğurlar qazanacağına inanırıq!

SHARE
Şərh yaz