Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı davam edir. Bu gün Azərbaycan yığmasının daha iki üzvü – Kənan Əliquliyev və Elşad Şərifov 69 kq çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
“Lənkəran-Zirvə” İdman Klubunun üzvü Kənan Əliquliyev birdən qaldırmada əvvəlcə 113, sonra isə 118 kq-ın öhdəsindən uğurla gəldi. 3-cü yanaşmasında 121 kq-ı ram edə bilməyən atletimiz bu hərəkətdə 9-cu oldu.
Kənan təkanla qaldırma hərəkətində 140 kq-ı yalnız üçüncü yanaşmasında qaldıra bildi. Bu nəticə ilə o bu hərəkətdə də 9-cu oldu. Toplamda 258 kq (118+140) nəticə ilə Əliquliyev Avropa çempionatında 9-cu yerlə kifayətləndi.
“Şamaxı-Zirvə” İdman Klubunun üzvü Elşad Şərifov birdən qaldırma hərəkətində ilk olaraq 120 kq-ı başı üzərinə qaldırdı. 125 kq-ı isə növbəti iki cəhddə ram edə bilməməsi üzündən atlet bu hərəkətdə 8-ci olub.
Elşad təkanla qaldırma hərəkətində əvvəlcə 150, sonra isə 155 kq-ın öhdəsindən gəldi. Üçüncü yanaşmasında 157 kq-ı ram edə bilməyən atletimiz, bu hərəkətdə 5-ci oldu
Toplamda 275 kq (120+155) nəticə göstərən Elşad Avropa çempionatında 7-ci yeri tutdu.