Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında növbəti yarış günü baş çatıb. Azərbaycan milli komandasının iki üzvü – Əfqan Bayramov və Elxan Əliquluzadə 77 kq çəki dərəcəsində, müvafiq olaraq C və B qruplarında çıxış ediblər.
Əfqan Bayramov C qrupunda toplam 324 kq nəticə göstərib. Birdən qaldırmada 140, təkanla qaldırmada isə 184 kq-lıq ştanqın öhdəsindən gələn atlet öz qrupunda 10-cu yeri tutub.
“Lənkəran-Zirvə” atleti Elxan Əliquluzadə isə uğurlu çıxışlar yadda qalıb. O, birdən qaldırma hərəkətində son yanaşmada 154 kq-ı ram edib və 7-ci olub. Ancaq təkanla qaldırma hərəkətində bütün rəqiblərini üstələyən 20 yaşlı atlet 203 kq-ı başı üzərinə qaldıraraq 1-ci yeri tutub. Toplamda 357 kq (154+203) nəticə göstərən Əliquluzadə B qrupunda 1-ci yerə çıxıb.
Bununla yanaşı, təkanla qaldırma hərəkətindəı 203 kq-la Elxan gənclər arasında dünya rekordunu yenilədi. Tanınmış türk atlet Taner Sağırın 2004-cü il Afina Olimpiadasında müəyyənləşdirdiyi 202 kq-lıq rekord 11 il idi ki, yenilənmirdi. “Zirvəçi” Elxan Əliquluzadə bunu edə bildi (bu, həm də gənclər arasında Avropa rekordu idi). Bu münasibətlə onu təbrik edir, onun kimi idmançılarımızla fəxr edirik. Davamı gəlsin, Elxan!
B qrupunda “Zirvə”nin daha bir atleit mübarizə aparıb. Moldovalı Artyom Pipa toplamda 340 kq (155+185) nəticə göstərib. Bununla “Kişinyov-Zirvə” təmsilçisi bu qrupda 6-cı yeri tutub. Hər üç idmançının yekun sıralamadakı yeri A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.