ABŞ Ağır Atletika Federasiyası 2016-cı ilin ən yaxşılarının adını açıqlayıb. Yerli İcraiyyə Komitəsi il ərzində nümayiş etdirdikləri çıxışlarını nəzərə alaraq seçimini edib.
Sevindiricidir ki, qaliblər arasında iki “Zirvə” nümayəndəsi də var. Rio Olimpiya Oyunlarının iştirakçısı, 48 kq çəki dərəcəsində çıxış edərək 6-cı yeri tutmuş Morqan Kinq ilin ən yaxşı qadın atleti adını qazanıb. Bununla bağlı məlumatda deyilir ki, atlet vaxtilə futbolda gücünü sınayıb və sonradan yeni idman növünə keçib. Morqanın birdən qaldırma hərəkətində 16 ildir qalan Amerika rekordunu yenilədiyi, üstəlik ötən il Pan Amerika çempionatında medallar qazandığı qeyd edilib.
İlin ən yaxşı məşqçisi adı isə Şahin Nasiriyə qismət olub. Onun yetirməsi Morqan Kinqin ötənilki nailiyyətləri bu mükafatın verilməsinə əsas səbəb olub. İran yığmasının heyətində vaxtilə dünya çempionu olduğu qeyd olunan Nasirinin fəaliyyəti yüksək dəyərləndirilib.
“Finiks-Zirvə” təmsilçilərindən birdən-birə ikisinin ABŞ-ın ən yaxşısı adını qazanmağı bizləri sevindirir. Qürur duyuruq ki, klub olaraq belə insanlarla çalışırıq. “Zirvə”nin adını daima yüksəkdə saxlayan Şahin və Morqana təşəkkür edir, gələcəkdə daha böyük uğurlar qazanmalarını arzulayırıq.
Əhsən!