Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatında 69 kq çəki dərəcəsində qızıl medala sahib çıxan Firudin Quliyev hamımızı sevindirdi. “Goranboy-Zirvə”nin yetirməsi dünya və Avropa çempionu, təcrübəli mütəxəssis Hafiz Süleymanovun rəhbərliyi ilə bu yarışda uğurla çıxış etdi. Quliyevlə danışaraq çempionluq hisslərini bizimlə bölüşməsini xahiş etdik. Firudin bunları dedi: “İlk öncə bütün Azərbaycana salamlarımı çatdırıram. Ölkə Prezidenti Cənab İlham Əliyev cənablarına təşəkkür edirəm ki, Azərbaycanda idmana böyük diqqət və qayğı göstərir. Ağır Atletika Federasiyasının prezidenti Cahangir Hacıyevə təşəkkür edirəm ki, bizim üçün mütəmadi təlim-məşq toplanışları təşkil etdi, bizə hər zaman dəstək oldu. O cümlədən də başda klubumuzun prezidenti Tofiq Heydərov olmaqla hər kəsə minnətdaram. Məşqçim Hafiz Süleymanov məni bu yarışa böyük həvəslə hazırladı, yarışa çıxartdı, psixoloji dəstək oldu. Onun sayəsində təlim-məşq toplanışlarında ciddi rejimə riayət etdik, çoxlu məşq etdik, çalışdıq. Düzü, çempion olacağıma inanmırdım. Ancaq məşqçim sağ olsun, onun əziyyəti yerdə qalmadı. Milli komandanın bütün məşqçilərinə ayrılıqda təşəkkür edirəm ki, mənə kömək etdilər. Qalib gəldiyim üçün çox sevinirəm. Ancaq elə indidən noyabrda ABŞ-da keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığa başlamışam. Artıq bütün diqqətlərim oraya yönəlib. Dünya çempionatında medal qazanmaq n böyük arzumdur. İnşallah, buna nail olaram”.