Kişilər arasında çəkisi 69 kq olan idmançıların “A” qrupundakı yarışla IWF Grand Prix – “Bakı Beynəlxalq Kuboku”na yekun vuruldu. Son çəkidə kişilər arasında Avropa çempionumuz Əfqan Bayramov və yeniyetmələr arasında dünya rekordçusu, gənclər arasında Avropa çempionu Firudin Quliyev qüvvələrini sınadılar.
Yeni istifadəyə verilmiş Ağır Atletika Akademiyasına toplaşan idmansevərlər möhtəşəm mübarizə izlədilər. Qızl medal uğrundakı döyüş, azərbaycanlı atlet, “Zirvə”çi Firudin Quliyevin qələbəsiylə yekunlaşdı. 18 yaşlı ağırlıqqaldıranımız toplamda 330 kq (140 kq + 190 kq) nəticə göstərərək gözəl qələbə qazandı. Gümüş medala sahib çıxan rusiyalı idmançı, dünya çempionu Oleq Çen də eyni çəkini (155 kq + 175 kq) qaldırdı. Ancaq Firudinin şəxsi çəkisi rəqibindən az olduğundan qızıl medallar məhz ona qismət oldu.
Bürünc medal isə daha bir idmançımız Əfqan Bayramova qismət oldu. O, toplamda 324 kq-la (141 kq + 183 kq) üçüncü pilləyə sahib çıxdı.
Qeyd etmək lazımdır ki, Firudin Quliyevin əldə etdiyi nəticə onun üçün asan olmadı. Belə ki, Oleq Çen birdən qaldırmada idmançımızdan 15 kq artıq çəkini qaldırdığından, Firudin eyni işi təkanla qaldırmada etməliydi ki, toplamda çempion ola bilsin. Çen təkanla qaldırmanı 175 kq-la başa vurduğundan, Firudin 190 kq-ın öhdəsindən gəlməliydi. Bu isə çinli Hui Liaoya məxsus gənclər arasında dünya rekordunun təkrarlanması, eyni zamanda rumıniyalı atlet Razvan Martinə məxsus gənclər arasında Avropa rekordunu (189 kq) yeniləmənməsi demək idi.
Çox çətin olsa da, “Zirvə” İdman Klubunun yetirməsi olan Firudin Quliyev bu işin öhdəsindən məharətlə gəldi. O, inam və böyük əzmlə ştanqı başı üzərinə qaldırdı və “Bakı Beynəlxalq Kuboku”na gözəl sonluq verdi. Yarışı izləmək üçün həmin gün akademiyaya gələn bütün insanlar – stər azərbaycanalı, istərsə də xarici vətəndaşlar – onu ayaq üstə alqışladılar. Gənc olmasına baxmayaraq, əsl pəhləvan kimi mübarizə aparan Firudin, ölkəmizə qızıl medal qazandırdı, bayrağımızın bir daha yüksəlməsinə və himnimizin səslənməsinə səbəb oldu. Onun bu qələbəsində rolu olan hər bir kəsə, xüsusilə də, klubumuzun baş məşqçisi Hafiz Süleymanov başda olmaqla bütün məşqçilərinə təşəkkür edir, daha böyük uğurların gəlməsini arzulayırıq!
Təbrik edirik!