Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi davam edir. Sentyabrın 9-17-də baş tutacaq yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Körpücük üzərinə çıxan növbəti atlet Füqan Əliyev olub. “Lerik-Zirvə” nümayəndəsi yaşı 15-ə qədər olan oğlanların 62 kq çəki dərəcəsində mübarizəsinə qoşulub.
Füqan birdən qaldırma hərəkətində 105 kq-ın öhdəsindən gəlib. O, bu nəticə ilə bu hərəkətdə Avropa ikincisi ola bilib.
Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən atletimiz möhtəşəm nəticə göstərib. O, bu hərəkətdə 130 kq-ı ram edib və qızıl medala sahib çıxıb.
Toplam 235 kq (105+130) nəticə göstərən “Lerik-Zirvə” təmsilçisi yekun sıralamada Avropa birinciliyinin qalibi adını qazanıb. Qeyd edək ki, bu, ona elə də asan başa gəlməyib. Birdən qaldırma hərəkətində gürcü rəqibindən 5 kq geri qalan Füqan, təkanla qaldırmada böyük əzmkarlıq nümayiş etdirərək fərqi aradan qaldırıb.
Möhtəşəm çıxışdır!
Azərbaycan bayrağını zirvələrə qaldırdığı, himnimizi səsləndirdiyi, hamımızın ona olan etimadını doğrultduğuna görə atletimizə ürəkdən çox sağ ol deyirik.
Böyük gələcək vəd edən Füqan Əliyevin bu uğuru bizləri çox sevindirir. Azərbaycan ağır atletikasının gələcək ulduzlarından olan nümayəndəmizin daha böyük qələbələri hələ qabaqdadır.
Bu gözəl nəticə – Avropa çempionu olması münasibətilə Füqanı, onun məşqçiləri, əməyi olan hər kəsi təbrik edir, böyük çempionluqlar arzulayırıq!
Əhsən, Füqan!