Gimnastlarımız Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kubokda iştirak edəcəklər

thumb20161110121352678Ən zərif gimnastika növünün nümayəndələri bu dəfə Mingəçevir şəhərində toplaşacaqlar. Belə ki, 18-19 noyabr tarixlərində bu şəhərdə bədii gimnastika üzrə 23-cü Azərbaycan Birinciliyi və 3-cü Bölgələrarası Kubok keçiriləcəkdir.
İki gün davam edəcək yarışlarda “balacalar” (2006-2008), “yeniyetmələr” (2004-2005) və “gənclər” (2001-2003) yaş kateqoriyasında 103 fərdi gimnast və 9 qrup komandası iştirak edəcək. Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, Sərhədçi İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil edəcəklər.

Turnirdə “Zirvə” İdman Klubunun nümayəndələri də məşqçi Rəfiqə Əliyevanın rəhbərliyi altında çıxış edəcəklər. İkisi Sumqayıt, 8-i isə Xırdalandan olmaqla 10 gənc gimnastımız bu mötəbər yarışda medal mübarizəsinə qoşulacaqlar.

Yarışlarda:
balaca gimnastlar – alətsiz, ip, halqa ilə;
“yeniyetmələr” – halqa, top, gürzlər və lentlə;
“gənclər” – ip, halqa, top və gürzlərlə çıxışlar nümayiş etdirəcəklər.

Fərdi gimnastların ardınca mübarizəyə qrup hərəkətləri komandaları qatılacaqlar. Təsadüfi deyil ki, yüksək təşkilatçılığı, maraqlı və rəngarəng proqramı ilə seçilən gimnastika yarışları xarici gimnastları da özünə laqeyd buraxmır. Bu dəfə turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan təşrif buyurmuş idmançılar da çıxış edəcəklər. Yarışların hər iki günü isə gimnastlarımız yarış gərginliyindən uzaqlaşaraq, öz nümunəvi çıxışları ilə tamaşaçıları sevindirəcəklər.

Yarışları CBC Sport TV kanalında və Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.
Yarışların başlama vaxtı: 12:00

Məkan: Mingəçevir şəhəri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi
İ.İslamzadə küç, 98a.

SHARE
Şərh yaz