Dünən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 24-cü Azərbaycan Çempionatında keçirilib. Gənclər və böyüklər yaş kateqoriyasında yer alan 25 gimnast halqa, top, gürzlər və lentlə zövqlü musiqi və çətin elementlərin ahəngindən yaranan kompozisiyaları icra edərək, medallar uğrunda mübarizə aparıblar.
Yarışlarda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Start” İdman Klubu, həmçinin bizim “Zirvə İnternational Sport Clubs”, eyni zamanda Gəncə, Qusar və Kürdəmir təmsilçiləri ilə yanaşı, ölkəmizdə təlim-məşq toplanışında olan xarici idmançılar da öz maraqlı çıxışları ilə izləyicilər qarşısına çıxıblar.
İştirakçıların yarış həyəcanını azaltmaq, eyni zamanda onlara dəstək olmaq üçün gələn tamaşaçılara maraqlı və xoş anlar yaşatmaq üçün hər zaman fərqli abu-havada təşkil olunan gimnastika yarışlarında bu dəfə də hədiyyəli müsabiqələr, əyləncəli fləşmoblar və nümunəvi çıxışlar da baş tutub.
Nəticələr gəlincə, çoxnövçülükdə gənclər arasında ən yaxşı nəticəni Bakı Gimnastika Məktəbinin yetirməsi Dərya Farşbafşəhriyari göstərdi. O, hakimlərdən 49.250 xal alaraq öz qələbəsini bayram etdi. Sonrakı pillələrdə isə Ocaq Sport Klubunun təmsilçiləri Nərminə Səmədova (48.050) və Arzu Cəlilova (47.700) yer aldı. Gənc gimnastlarımız müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərar tutdular.
Bu qrupda mütəxəssis Rəfiqə Əliyevanın rəhbrliyi altında iki “Zirvə” gimnastı mübarizə aparıb. Hər iki idmançımız halqa, top, gürz və lentlə fərdi yarışlarda çıxış edərib. Yekun olaraq Süleymanlı Aytac 22.800 xalla 13-cü, Rzazad Fatimə isə 19.900 xalla 15-ci yeri tutublar.