İsmayıllıda Azərbaycan Gimnastika Federasiyası, rayon icra hakimiyyəti və Olimpiya İdman Mərkəzinin birgə təşkilatçılığı ilə bədii gimnastika üzrə İsmayıllı açıq birinciliyi keçirilib. Açıq birincilikdə respublikamızın 10 şəhər və rayonundan 50-dən çox 2001-2012-ci il təvəllüdlü gimnast iştirak edib. Açıq birincilikdə “Şağan OİK”, “Zirə”, “Zabrat İK”, “Ağdaş OİK”, “Kür OİK”, “Sumqayıt OİK”, “Göyçay OİK”, “İsmayıllı OİK”, “Kürdəmir OİK” və təbii ki, “Zirvə” İdman Klubunun bədii gimnastları A, B, C qrupları üzrə alətsiz, top, ip, halqa və gürzələrlə, o cümlədən qrup şəklində çıxış ediblər.
Bədii gimnastların çıxışları gərgin və maraqlı keçib. İsmayıllı, Sumqayıt və Kürdəmir komandaları gözəl çıxışları ilə Azərbaycan Gimnastika Federasiyasının kubokunu qazanıblar. Ayrı-ayrı qruplar üzrə fərqlənən gimnastlara diplom və mükafatlar verilib.
“Zirvəçi” qızlar həmişə olduğu kimi, bu yarışda da fərqləniblər. Mütəxəssis Rəfiqə Əliyevanın rəhbərliyi altında uğurla çıxış edən qızlarımız 1 qızıl, 2 gümüş və 6 bürünc medal əldə edərək komandamızı layiqincə təmsil ediblər.
2012-ci il təvəllüdlü qızların alətsiz çıxışlarında Bətül Əhmədzadə bürünc medal qazanıb.
2008-ci il təvəllüdlü qızların yarışında Gülşən Quliyeva halqa, alətsiz və çoxnövçülük çıxışlarında bürünc medal qazanıb.
2007-ci il təvəllüdlü qızların yarışında Səriyyə Süleymanlı halqa ilə çıxışlarda qızıl, iplə və çoxnövçülükdə isə gümü medallar qazanıb.
2004-cü il təvəllüdü qızların yarışında isə Fatimə Rzazadə haqla və gürzlərlə çıxışda bürünc medal əldə edib.
Uğur qazanan gimnastlarımız və məşqçi heyətini təbrik edir, qarşıdakı yarışlarda da səslərinin zirvələrdən gəlmələrini arzulayırıq!