Güləşçilərimizdən növbəti uğur: Çempion kəməri qazandıq!

26 iyun tarixində Abşeron Olimpiya-İdman Kompleksinin yarış zalında sərbət güləş üzrə U-15 yeniyetmələr arasında Şuşa ilinə həsr olunmuş “Şuşa – 270” adlı “Çempion” kəməri uğrunda beynəlxalq açıq turnir keçirilib. Ölkənin ən güclü klublarında 350-dən çox idmançının iştirak etdiyi yarış maraqlı və gərgin mübarizə şəraitində keçib. Bu turnirdə baş məşqçi Elvin Aslanovun rəhbərliyi altında “Zirvə” güləşçiləri də qüvvələrini sınayıblar. Həmişə olduğu kimi, təmsilçilərimiz uğurlu çıxışla yadda qalıb.
23 kq çəki dərəcəsində İslam Kaltayev, 35 kq-da Fərid Məlikli və 85 kq-da Əbdürrəhim Ramazanov bürünc medal qazanıb. 85 kq çəki dərəcəsində daha bir təmsilçimiz Turqur Çıraqov gümüş medalla fərqlənib. 23 kq-da çıxış edən digər “Zirvə”çi Bilal Həsənov isə bütün rəqiblərini üstələyib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq “Çempion” kəmərinə layiq görülüb. Eyni uğura 35 kq çəki dərəcəsində Asim Məmmədzadə imza atıb. O da rəqiblərinin hamısını məğlub edərək zirvəyə yüksəlib.
İdmançılarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!
SHARE
Şərh yaz