İAM ilin ən yaxşılarını seçdi, Tofiq Heydərov xüsusi mükafata layiq görüldü

İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2019” layihəsi üzrə mükafatçıları müəyyənləşib. Qaliblərin adları Bakı Olimpiya Stadionunda təşkil olunan “7 qalib” adlı mərasimdə açıqlanıb. Yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunan tədbirdə bir çox mötəbər qonaqlar olub. Onlar arasında Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, məşhur mütəxəssis Faiq Qarayev, şair və yazıçı, sabiq deputat Aqil Abbas, Bakı Baş Gənclər və idman İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya Oyunları və dünya, Avropa çempionatlarında uğurla çıxış etmiş sabiq və cari idmançılardan atıcı Zemfira Meftahəddinova və cüdoçu Elxan Məmmədov, tanınmış futbol mütəxəssislər Vaqif Sadıqov, İsgəndər Cavadov, Qurban Qurbanov və digərləri də vardı. Böyük marağa səbəb olan mərasim KİV-in diqqət mərkəzində idi və geniş işıqlandırıldı.
Tədbirdə nominasiyalar üzrə ilin idman xadimi Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, ilin idman qurğusu Bakı Olimpiya Stadionu, ilin futbolçusu Emil Balayev, ilin əcnəbi futbolçusu Abdullah Zubir, ilin komandası şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi, ilin idmançısı Teymur Rəcəbov, ilin baş məşqçisi isə Qurban Qurbanov seçildi. Bununla yanaşı, başqa mükafatlar da təqdim edildi ki, “Minsk 2019” II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün Samir Məmmədov, ilin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu Şamaxı Olimpiya Kompleksi, Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu Emin Mahmudov oldu.
“Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərovun 2019-cu il ərzində gördüyü işlər də yüksək qiymətləndirildi və xüsusi mükafatla fərqləndirildi. 5-28 may 2019-cu il tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları”nda 27 idman növündə 12 ölkədən olan, 300-ə yaxın klubu təmsil edən 4 mindən çox idmançı uşağın qüvvəsini sınadığı yarışların möhtəşəmliyi ilə yadda qalması qeyd olundu. Bildirildi ki, kiçik bir Olimpiada kimi təşkil olunan, böyük bir idman bayramına çevrilən bu Oyunlar Azərbaycanda çox sayda ilklərə səbəb oldu, gələcək üçün arxasında nəhəng izlər buraxaraq nümunə rolunu oynadı.
Məhz bütün bunlar nəzərə alınaraq İdman Araşdırmalar Mərkəzinin sorğusunun nəticəsində “Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə” “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Mirhəsən oğlu Heydərov xüsusi mükafata layiq görüldü. Ona bu mükafatı sabiq məşhur futbolçu, veteran mütəxəssis İsgəndər Cavadov təqdim etdi. Çıxışı zamanı Tofiq Heydərov bunları dedi: “İdman jurnalistlərinin məni bu mükafata layiq görmələri məni çox sevindirdi. İşlərimizi inkişafında medianın rolu çox böyükdür. Bizim qədər onlar da çalışır, əməklərini əsirgəmirlər. Onlara təşəkkür edirəm. Mükafataın özünə gəlincə, Azərbaycan bir idman ölkəsidir və bunun belə davam etməsi üçün uşaq idmanı daima inkişaf etdirilməli, buna böyük güc sərf edilməlidir. Bu il biz artıq 7-ci dəfə Zirvə Oyunları keçirdik. Ümummilli lider, indaman qayğını həmişə öndə saxlayan Heydər Əliyevin xatirəsinə həsr olunan bu yarış həmişə yeniyetmə və gənc nəslin inkişafına öz töhfəsini vermişdir. Adətən 7 növdə keçirdiyimiz yarışları bu dəfə 27 idman növü üzrə təşkil etdik, beynəlxalq səviyyəyə qaldırdıq. Seviniriəm ki, bu Oyunlar belə yaxşı alındı və ölkə idmanına öz töhfəsini verdi. Biz gələn ildən bu yarışları daha da geniş miqyasda, daha da möhtəşəm keçirməyə çalışacaq, onları Astarada təşkil edərək regionun inkişafına da dəstək olacağıq”.
Tofiq Heydərov Azərbaycan idmanının lokomotivlərindən olan “Zirvə” Beynəlxalq İdman Klublarının prezidentidir. O, ömrünü əvvəlcə bir atlet, karyerasını bitirəndən sonra isə bir funksioner olaraq idmana, onun inkişafına xidmətə həsr edib, bunun üçün nəhəng çalışmalar etməyə həsr edib və hazırda da bu proses davam etməkdədir. Məhz onun təşəbbüsü və dəstəyi ilə ölkənin müxtəlif regionlarında zal və komplekslər inşa olunur, minlərlə gənc və yeniyetmə idmançı gələcəkdə böyük zirvələri fəth etmək üçün bir imkan, şans əldə edir, həyatlarını dəyişirlər. Tofiq Heydərov Azərbaycan idmanının vacib simalarındandır və layiq görüldüyü mükafatlar da bunun bir sübutu və təsdiqidir.

ŞƏKİLLƏR

SHARE
Şərh yaz