İdman jurnalistləri AAAF Parkın sponsorluğu ilə qatıldıqları beynəlxalq matçın qalibi olublar

Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd olunmaqdadır. Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən, Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq ölkə hüdudlarından kənarda da silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri iyulun 26-29-da Ukraynada baş tutub. Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar bir qrup idman jurnalisti Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və “AAAF Park”ın təşkilati dəstəyi ilə paytaxt Kiyevdə olub.
İyulun 27-də jurnalistlər Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra Azərbaycanın Ukraynadakı səfirliyində jurnalistlərlə görüş keçirilib. Səfirliyin müşaviri Vüsal Süleymanov jurnalistlərlə görüşdən məmnunluq ifadə edib və Ukraynanın bütün bölgələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirib.
Tədbirdə iştirak edən əfsanəvi futbolçu İvan Yaremçuk SSRİ dövründə əlaqələrin sıx olduğunu deyib və “Neftçi”nin oyunlarını xatırladıb. O, veteranlardan ibarət komandanın Bakıya səfər etdiyini və digər şəhərlərdə görüşlər keçirdiklərini söyləyib.
Daha sonra jurnalistlər Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, veteran güləşçi Oleq Krapivinin rəhbərlik etdiyi “Bakineç” güləş məktəbində olublar. Görüşdə güləş məktəbində daha çox azərbaycanlıların məşq etdiyini deyən O.Krapivin burada uşaqların məşqi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
İyulun 28-də isə idman jurnalistlərimiz ukraynalı həmkarları ilə futbol üzrə yoldaşlıq görüşü keçiriblər. “Hidropark” İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma azərbaycanlı jurnalistlərin 10:6 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində keçmiş SSRİ yığmasının və Kiyev “Dinamo”sunun tanınmış veteran futbolçusu İvan Yaremçuk da çıxış edib.
Səfərdə iştirak edən jurnalistlər AAAF Park Yaşayış Kompleksinin rəhbərliyinə, xüsusilə prezident Tofiq Heydərova onlara bu imkanı yaratdıqlarına, göstərdiyi dəstəyə görə təşəkkür edib, minnətdarlıqlarını bildiriblər. Qeyd olunub, şirkət rəhbərliyi daima idmana öz diqqət və qayğısını əsirgəməyib, ölkə idmanının inkişafına öz töhfəsini verib.

SHARE
Şərh yaz