Ağır atletlərimizin təhsil problemlərin aradan qaldırılması məqsədilə görülən mütəmadi tədbirlər öz bəhrəsini verməkdədir. Məlumdur ki, yarışlar zamanı yaranan fasilələr, məşqlərlə tədris vaxtlarının üst-üstə düşməməsi, bəzən yol uzaqlığı, gediş-gəliş məsələləri prosesə öz mənfi təsirini göstərir. İdmançı isə mütləq yaxşı təhsil almalıdır. Çünki o, ölkənin siması, bayraqdarıdır. İstənilən an Azərbaycanı layiqincə təmsil etməyə, həqiqətləri çatdırmağa, ünsiyyət qurmağa hazır olmalıdır.
“Zirvə” olaraq da bu istiqamətdə çalışmalarını davam etdirir. Xüsusilə, gənc nəslin sağlam və savadlı yetişməsində həyata keçirilən fəaliyyət buna misaldır. AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyi humanitar və texniki ilə yanaşı, həm də idman təmayüllüdür. Burada çox sayda idmançı təhsil alır. Xüsusilə də ağır atletlərə yaradılan şərait qeyd olunmalıdır.
Kompleksin imkanlarından yaralanaraq buranı mərkəzi baza edib və ilboyu təlim-məşq toplanışında olan idmançıların təhsil baxımından geri qalmaması üçün addımlar atılır. Burada yaşayan, bütün xərcləri ödənilən maksimum şərait yaradılan bu gənc idmançılar, yüksək səviyyəli təhsil almaq şansı qazanırlar. Atletlərə gündəlik praktiki dərslərlə yanaşı, nəzəri dərslər də keçilir. Belə ki, onlar bütün digər fənlərlə birlikdə, həftədə bir neçə dəfə ağır atletika nəzəriyyəsi dərslərində də iştirak edirlər.
Lisey 41 gənc idmançının özü ilə yanaşı, onların valideynləri ilə də sıx təmasdadır. “Zirvə” Beynəlxalq İdman Klubu olaraq bu işlərə ən yüksək rəhbərlik səviyyəsində diqqət yetirilir. Valideynlərə uşaqların dərsə davamiyyəti, bilik və bacarıq hazırlığı barəsində mütəmadi məlumat verilir, klub-valideyn-idmançı əlaqələri möhkəmləndirilir, ünsiyyət intensivləşdirilir.
Noyabrın 20-də “Zirvə Liseyi”nin konfrans zalında klub tərəfindən xüsusi dəvətlə çağırılmış valideynlərlə görüş keçirilib. Onlara bütün məlumatlar verilib. Qeyd olunub ki, sentyabrın 15-dən bu yana övladları həm məşq, həm də dərs baxımından irəliləyiş əldə ediblər. Uşaqlar ən böyük çətinlik çəkdikləri fənlərdə belə yaxşı oxumağa başlayıblar, eyni zamanda fiziki hazırlıqlarını yetərincə yüksəldiblər. Bunu liseyin müəllimləi arasında keçirilən xüsusi dərin sorğu və alınan qiymətlər sübut edir. Valideynlər də bu müsbət tendensiyanı qeyd edərək məmnunluqlarını bildiriblər.
Daha sonra valideynlər üçün AAAF Park Yaşayış Kompleksində ekskursiya təşkil olunub. Onlara idmançı-şagirdlərin qalma, qidalanma, istirahət və əyləncə yerləri, ümumi şərait göstərilib. Qonaqlar uşaqlarının inkişafı üçün maksimum imkan yaradıldığı, əmin əllərdə olduqlarını dilə gətiriblər. Valideynlər liseylə bundan sonra da sıx ünsiyyətdə olacaqlarını, təlim və tədris prosesində yaxından iştirak edəcəklərinə söz veriblər.