9-11 may tarixləri arasında “AAAF PARK” Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş “II ZİRVƏ OYUNLARI” keçirildi. “Zirvə” İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarının qatıldığı bu yarış artıq ənənə halını almaqdadır.
300-ə yaxın idmançının iştirak etdiyi Oyunlarda 4 idman növü üzrə yarışlar baş tutdu. Bunlar cüdo, gimnastika, futbol və ağır atletika növləridir.
Yarışların keçirilmə tarixi aşağıdakı kimidir:
- 9 may – Bədii gimnastika
- 10 may – Ağır atletika və futbol
- 11 may – Cüdo
Cüdo yarışları 2002-ci illər və daha aşağı yaşlı idmançılar arasında 10 çəki dərəcəsində keçirildi. Həmin çəki dərəcələri bunlardır: 21 kq, 24, 27, 30, 34, 38, 42, 46, 50 və 55 kq.
Futbol yarışlarında 4 komanda, dövrəli sistemlə yarışdılar.
Bədii gimnastikada idmançılar 6 yaş qrupunda alətli və alətsiz, fərdi və qrup şəklində mübarizə apardılar.
Ağır atletika yarışlarında 5 yaş qrupu oldu. Bunlar 2000-03-cü illər qızlar, 2002, 2003, 2004 və 2005-ci illər və daha aşağı yaşlı atletlər idi.
2006-cı ildən fəalliyətinə başlayan “Zirvə” İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. Peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malik bir idman klubu olan “Zirvə”, idmanın düzgün inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği və təkmilləşdirilməsi, eyni zamanda dövlətimizin idmana qayğı siyasətinə öz dəstəyini vermək məqsədi ilə yaradılmışdır.
Azərbaycanın bölgələrində böyük kompleksləri olan və ölkə xaricindəki fəaliyyətinə start verən “Zirvə” İdman Klubunun mərkəzi bazası Xırdalan şəhərində yerləşən, ərazisi 12 ha olmaqla 50 000 kv.m. qapalı sahəyə malik, möhtəşəm AAAF PARK Yaşayış Kompleksidir.
Klubumuzun prezidenti sabiq ağır atlet, müstəqillik dövrümüzdə çıxış etdiyimiz ilk Olimpiya Oyunları – 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı Tofiq Heydərovdur.